Canni de Byazi ilə müqavilənin yenilənmədiyi açıqlanandan sonra düşünmək olardı ki, millinin yeni baş məşqçisi qeydsiz-şərtsiz yerli mütəxəssis olacaq. Çünki uzun illərdi əcnəbilərə tapşırılan yığmamızda heç bir inkişaf getməyib, həmişəki kimi Avropanın zəif yığmalarından biriyik.
Amma de Byazi gedər-getməz yenə də milli ətrafında əcnəbi məşqçilərin adları çəkilməyə başlayıb. Sanki kimlərinsə qarşısında yeni fürsətlər açılıb, yenə əcaib mənzərə yaranıb. Az qala hər gün yeni adlar ortaya atılır. İlk baxışdan səbəb anlaşılandı. Agentlər əcnəbi məşqçinin gəlişindən yaxşı faiz tutmaq arzusundadılar. Amma bu, aysberqin görünən tərəfidir. Millinin başına mütləq şəkildə əcnəbi məşqçinin gətirilməsini istəyən AFFA rəhbərliyində təmsil olunan bəzi adamlardır ki, onlar heç bir halda yerli mütəxəssisin təyinatına imkan verməyəcəklər. Uzun illərdir milli komandanı öz maraqlarına uyğun idarə edən qüvvələr bu məsələdə geri çəkilmək niyyətində deyillər. Bu adamların mövqeyi dəyişməz qalır - millidə bizim millətdən olmayanlar çalışmalıdır!
Lakin bu AFFA rəhbərliyinin milliyə baş məşqçi təyin etməsi doğru deyil. Çünki gələn ilin mart ayında həm AFFA prezidenti postuna seçkilər olmalıdır, həm də İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşməlidir. Ehtimal var ki, AFFA-ya yeni rəhbər gəlsin. Elə İK-nın tərkibinin dəyişməsi də mümkün gedişatdır. Belədə, yeni gələnlərin milli komanda ilə bağlı baxışları indikilərdən fərqli olarsa, o zaman nə edəcəklər? Məcburiyyətdən ən azı bir tsikl da əcnəbi məşqçini saxlamalı olacaqlar...
Bəlkə də indiki AFFA rəhbərliyi məhz bu səbəbdən milliyə tələm-tələsik məşqçi təyin etmək istəyir. Yığmamız ilk rəsmi oyununu gələn ilin sentyabr ayında keçirəcək. Məntiqlə indiki rəhbərlik mart seçkilərini gözləməli və milliyə təyinat da məhz bundan sonra olmalıdır. Milli komanda klub deyil və gündəlik məşqlərə çıxmır ki, belə tələsik qərar verilsin. Martda millinin yoldaşlıq oyunu var ki, onu da de Byazinin köməkçilərindən olan Arif Əsədov yola verə bilər. Millimizdə bu cür praktika çox olub. Yadınızdadırsa, Berti Foqts gedəndən sonra yığmanı Norveçlə rəsmi oyuna Aslan Kərimov - Mahmud Qurbanov tandemi çıxarmışdı.
Yəni, yoldaşlıq oyununu bəhanə gətirib milliyə baş məşqçi təyin etmək doğru deyil!
Gələn ilin mart ayını gözləmək lazımdır. Bəlkə yeni rəhbərlik gələr və çox şey dəyişər. Bəlkə də elə hər şey indiki kimi qalar, nə rəhbərlik dəyişər, nə də futbolumuza baxışları. Amma yenə də gözləmək lazımdır. Ümidlərimiz gələn ilin martında ölsə belə...
Emin Abbasov
saytlarin hazirlanmasi