"Neftçi"nin hansı səviyyədə komanda olduğunu bilirdik, onlara qol vurmağı çox istəyirdim" - MÜSAHİBƏ

14:51 - 27 Noyabr 2023

"Araz-Naxçıvan"ın forvardı, Premyer Liqanın 14-cü turunun "Neftçi" ilə görüşündə qol vuraraq komandasının bir xal qazanmasında pay sahibi olan Orxan Əliyev Sportal.az saytına müsahibə verib.

- Matçın son dəqiqələrində qol vurdun və "Araz-Naxçıvan"ı məğlubiyyətdən xilas etdin. Matç sizin üçün necə alındı?

- Ümumilikdə oyun çox da pis keçmədi, hər şey yaxşı alındı. Əslində, biz "Neftçi" səfərinə elə-belə gəlməmişdik. Rəqibin çox yaxşı komanda olduğunu və görüşün ağır keçəcəyini bilirdik. Sona qədər çalışdıq, mübarizə apardıq və xal da qazandıq. Buna görə şadıq. 

- Meydana fasilədən sonra daxil oldun. Qol vuracağına inanırdın?

- Mən hücumçuyam və hər zaman qol vuracağıma inanmalıyam. Daim qol hissiyatım olmalıdır. Başla və ya ayaqla da olsa, qol vurmalıyam. Bunun üçün rəqib cərimə meydançasının içərisində hər şeyi etməliyəm. Şadam ki, imkanım düşdü və başla qol vurdum. 

- "Neftçi"yə həm birinci, həm də ikinci dövrədə qol vurmağı bacarmısan. Onlarla matça xüsusi hazırlaşırsan?

- "Neftçi"nin hansı səviyyədə komanda olduğunu bilirik. Təbii ki, onlara qol vurmağı çox istəyirdim. Matçdan əvvəl də məqsədim o idi ki, meydana çıxım və qolumu vurub komandaya kömək etdim. Onu da yerinə yetirdim. 

- "Qarabağ"a qalib gəldikdən sonra komandada eniş yaşanmışdı. "Neftçi" ilə matçdan bərabərlik sizin üçün dönüş nöqtəsi olacaq?

- Futboldur da, belə şeylər olur. Bir oyunda qalib gəlib, digərində uduza və ya heç-heçə qalib gələ bilərsən. Dəyişikliklər daim olur. "Neftçi"yə uduzmadıq, bir xal qazandıq. Bu da yaxşı oldu. Təbii ki, komandaya inam qazandıracaq. Çalışacağıq ki, bundan sonra da yaxşı oyun göstərək və uğurlu nəticə qazanaq.

- Mətbuatda yayılan xəbərlərə görə, "Araz-Naxçıvan"da mükafatlar üstündə narazılıq olur. Bu məsələyə necə şərh verəcəksən?

- Rəhbərlik nə deyirsə, onu da yerinə yetirir. Sağolsunlar, sözlərinin üzərində dururlar. Mükafat deyirlərsə, verirlər.

- "Neftçi" ilə oyundan qabaq mükafat söz vermişdilər?

- Yalan deyərəm, eşitməmişdim. Amma yəqin ki, olacaq. Çünki "Neftçi"yə qarşı oynayırdıq və xal qazandıq. Hər halda, rəhbərlik nə deyirsə, yerinə yetirir.

Mirbağırağa

Xəbər xətti