"Təkcə "ÇFR Kluj" deyil, digər komandalar da Mutunu istəyir" - MÜSAHİBƏ

13:49 - 12 Dekabr 2023

Azərbaycanda legioner həyatı yaşamış rumıniyalılardan Adrian Skarlatake Sportal.az saytına müsahibə verib. Hazırda da futbolçu karyerasını davam etdirən “Arceş”in kapitanı əsasən Adrian Mutunun “Neftçi”dəki işindən danışıb. O, həmyerlisinə inandığını bildirib.

- Bu mövsüm “Neftçi”dən gözləntilər böyük olsa da, komanda yalnız ötən turda qalib gələrək üçüncü pilləyə yüksələ bildi. Amma komanda altıncı pillədə yerini tutmuşdu. Bu sənin üçün gözlənilməz nəticə idi?

- Bəli, bu gözlənilməz idi. Amma "Neftçi" qalib gələrək üçüncü yerə yüksəldi. İkinci yerdəki “Zirə”yə yaxınlaşıblar. Yəni vəziyyət o qədər də pis deyil. “Neftçi” qışa qədər ikinci pillədə qərarlaşa bilər.

- Adrian Mutu komandaya böyük ümidlərlə gətirililsə də, komanda effektiv oynaya bilmir...

- Bəli, adına görə Adrian Mutunun üzərində böyük təzyiq var. Ona görə ki, “Neftçi” çox yaxşı oynamırdı. Amma komanda yuxarı pillələrdədir və ikinci pilləyə də yaxındırlar. Qışda təlim-məşq toplanışı ilə birlikdə yaxşı hazırlaşmaq, bəzi transferlər etmək üçün vaxtları var.

- "ÇFR Kluj”un Adrian Mutu ilə maraqlandığı haqda xəbərlər var. Sizcə, bunlar Rumıniya mediasının Mutunun statusunu qorumaq üçün əsassız iddialarıdır, yoxsa onun qışdan sonra həmin klubu çalışdıra biləcəyini də düşünürsən?

- Təkcə “ÇFR Kluj” deyil, digər komandalar da Mutunu istəyirlər. “Nefçti”dən əvvəl Mutuya Rumıniya və başqa ölkə klublarından təkliflər olmuşdu. Ona Rumıniya klublarından çox təklif olduğu doğrudur.

-Maraqlıdır ki, ötən mövsüm Laurentsiu Regekampfın işi yaxşı getməyəndə Rumıniya mətbuatı "Styaua"nın onu istədiyini yazırdı. İndi də, Mutunun işi yaxşı getməyən anda Rumıniya mətbuatı onun adını “ÇFR Cluj”la hallandırdı. Deyəsən xaricdə çalışan məşqçilərə Rumıniyada belə dəstək verilir?

- Xeyr, belə deyil. Rumıniya klublarının Laurentsiu Regekampf və Adrian Mutunu istəməsi normaldır. Çünki onların potensialını çox yaxşı bilirlər. Onlar özləri haqda Rumıniyada çox gözəl təəssürat yaradıb. Yaxşı məşqçilərdi, çox peşəkardırlar və digər klubların onlara maraq göstərməsi də, normaldır

- Adrian Mutu “Neftçi”dəki ilk ilində hansı nəticəni göstərə bilər? Ola bilər ki, rumıniyalı məşqçi Azərbaycan çempionatını ciddi qəbul etməmişdi və Premyer Liqada asanlıqla uğur qazanacağını düşünürdü?

- "Turan Tovuz"la matçda qalib gələrək üçüncü pilləyə yüksəldilər və hətta ikinci pilləyə də yaxındırlar. Təbii ki, Mutu çempionatı çox ciddi qəbul edir. Mən onu şəxsən tanıyıram, çox peşəkar insandır. Onlar Azərbaycana çempionluq məqsədi ilə gəlirlər. Uzun illər Azərbaycanda oynamışam. Oynamaq və məşqçilik etmək asan deyil, çünki səviyyə yaxşıdır. Onun Azərbaycan futboluna uyğunlaşması və başa düşülməsi üçün daha çox vaxt lazımdır. Bu, təkcə Mutu üçün deyil, istənilən məşqçi üçün normaldır. Səhv etmirəmsə, Mutu hazırda Azərbaycandakı iki əcnəbi məşqçidən biridir.

- Heç Mutu ilə danışmaq imkanın olsaydı, ona Azərbaycan futbolu və çempionatı haqqında hansı sözü deyərdin? Heç danışmısan onunla?

- Onunla şəxsən danışmadım, köməkçisi ilə danışmışam. Təbii ki, ona kömək edə bilsəm, bunu bildiyim Azərbaycan çempionatı ilə bağlı edəcəm. Azərbaycan futbolu texniki cəhətdən futbol və döyüş futboludur. Əminəm ki, bu aylarda o, Azərbaycan futbolunun yolunu görüb və başa düşüb.

Mirbağırağa

Xəbər xətti