"Qarabağ"ın futbolçusu: "Pley-off mərhələsində məqsəd həmin komandanı keçmək olacaq" - MÜSAHİBƏ

10:34 - 15 Dekabr 2023

"Oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. Şükürlər olsun ki, Azərbaycan xalqını sevindirə bildik. Komandamla qürur duyuram".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Toral Bayramov Avropa Liqasının 6-cı turunun "Hekken"lə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Pley-offda rəqibinizin hansı komanda olmasını istəyərdin?

- Rəqib kim olur-olsun oyunumuzdan əl çəkən deyilik. Pley-off mərhələsində məqsəd həmin komandanı keçmək olacaq. Əlimizdən gələni edəcəyik ki, irəli gedək.

- Paltardəyişmə otağında nələr yaşandı, Qurban Qurbanov sizə nə dedi?

- Təbrik etdi. Tarixi uğurla bağlı hisslərini bizimlə bölüşdü, hamımızı öpdü, bağrına basdı. Komanda ilə qürur duyduğunu dedi.

- Xankəndidə tarixi oyun olacaq. Bu haqda düşüncələrin necədir?

- Bundan əvvəl "Neftçi" ilə oyunumuz var. Daha sonra Xankəndidəki matçı düşünəcəyik.

Xəbər xətti