"Ayxan Abbasovun narazılığı varsa, demək ki, boşuna deyil" - MÜSAHİBƏ

13:18 - 15 Dekabr 2023

"Turan Tovuz"un kapitanı və qolkiperi Kamal Bayramov Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" "Neftçi" ilə matçda meydanı xalsız tərk etdi. Bu görüşdə xal və ya xallar qazana bilməməyinizə səbəb nə oldu? 

- Öncədən də bilirdik ki, çətin səfərdir. "Neftçi" maddi durum, keyfiyyət, hər tərəfli bizi üstələyən komanda idi. Ancaq oyun baxımından biz daha üstün tərəf olduq. Bu, hamı üçün aşkar idi. Sadə qollar buraxdıq. Bu da səhvlərimizdən irəli gəlirdi. Həmin səhvləri mütləq düzəltməliyik. Təəssüf ki, həmin oyunda uduzduq.

- Səncə matçın ədalətli nəticəsi 2:3 hesablı məğlubiyyətiniz idi? Yoxsa, rəqibdən daha yaxşı oynadığınızı düşünürsən?

- Ədalətli nəticə barədə heç bir fikir söyləmək istəmirəm. Çünki heç bir ədalətdən söhbət gedə bilməz. Matçda üstün oynayan tərəf biz idik.

- "Neftçi"nin vurduğu üçüncü qol müzakirələrə səbəb oldu. Qol vurulan anda Aaron Olanarenin ofsayd olduğuna işarə edirdin. Səncə, orada ofsayd var idi?

- Ofsaydın olub-olmaması artıq VAR-a qalıb. Amma orada qoldan öncə qayda pozuntusu qeydə alınmalı idi. Çünki "Neftçi"nin futbolçusu Fərid Nəbiyevə qarşı kobudluq etmişdi.

- Komandanızın baş məşqçisi Ayxan Abbasov da dəfələrlə hakimlikdən narazılıq edib. Sən kapitan kimi necə düşünürsən, hakimlərin sizə qarşı səhvləri var idi?

- Ayxan müəllimin narazılığı varsa, demək ki, boşuna deyil. Çünki oyunları analiz edir. Faktlara söykənərək danışır, narazılıq edir.

- Qarşıdakı turda "Zirə" önünə çıxacaqsız. Rəqib bu mövsümün liderlərindəndir. Onları Tovuzda məğlub etmək nə dərəcədə realdır?

- Bəli, "Zirə" mövsümə çox yaxşı start verib. Stabil komandadır. Biz bu görüşdə yalnız qələbə üçün oynayacağıq. Həftə boyu hazırlaşmışıq. Çalıaşcağıq ki, istədiyimiz nəticəyə çataq. 

- Maraqlı məqam odur ki, ölkə kubokunda da rəqibiniz "Zirə"dir. Ümumiyyətlə, ölkə kuboku "Turan Tovuz" üçün nə qədər önəmlidir? Hər halda, turnir cədvəlində sonuncu pillələrdə qərarlaşmamaq daha önəmlidir?

- Həmin oyuna da hazırlaşacağıq. Ancaq indi çempionat matçı haqda düşünürük. "Turan Tovuz" üçün çempionat da önəmlidir, ölkə kuboku da. Hər ikisində sona qədər mübarizə aparacağıq.

Mirbağırağa

Xəbər xətti