"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 17-ci turunda öz meydanında "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Uşaqları təbrik edirəm. Üç zonada da yaxşı mübarizə apardıq. Haqq etdiyimiz qələbəni qazandıq. Vaxtı gecikdirməməyə çalışdıq, rəqib tərəfdə oynadıq. Futbolda olan bəzi cığallıqları etməməklə qələbə qazandıq.
- Futbolçularınıza irad bildirdiz ki, "biclik"ləri yoxdur...
- Rəqib səni vurur, sarı vərəqə aldırır. Meydanda bəzi gedişlər var. Həkimin gəlməsi, filan. Futbolçular qələbəyə ac idilər. Uşaqlar tempi qaldırırdılar. Bu, yaxşıdır. Amma hiylə də lazımdır. Oyun strategiyanın üzərində qurulur. Hardasa "biclik" olmalıdır.
- Rəqibi çox yaxşı analiz etmişdiz. "Sabah"ı iflic etmək üçün nə tapşırığı vermişdiz?
- Motivasiya çox önəmlidir. Rəqibin keçən oyununu meydanda izləyirdim. Əsasən hücum xəttinə topun çatmaması, müdafiədən topun çıxmaması - bunlar əsas tapşırıq idi. İsak Belfodilin sığortası var idi.
- Hücumda bu dəfə Nuno Rodriqes oynayırdı...
- Üç hücumçu ilə oynadıq. Çox qol epizodlarını boşa verdik. Düşünürdük ki, birinci hissədə hər şeyi bitirək. Bəzən elə alınır ki, ikinci-üçüncü varianta keçməlisən. İkinci yarıda tam başqa varianta keçdik.
- "Sabah" "Səbaail"ə qalib gəldi, sizi uda bilmədi. Bunu necə bacardız?
- "Səbail" tam başqa motivasiya ilə çıxmışdı. Biz isə sonuncu ev oyunumuz idi deyə, daha istəkli idik. Ola bilər ki, "Səbail" başqa cür yanaşdı. Fərqlidir. Biz müdafiədə risk edə bilirik. Müdafiəçilərimizin həmişə birəbir oynamalarını istəyirəm. Bu tərəfdən üstünlüyümüz olur.
Mirbağırağa
saytlarin hazirlanmasi