"Qarabağ"ın Portuqaliya klubları ilə qarşılaşmasını istəməzdim" - MÜSAHİBƏ

16:14 - 16 Dekabr 2023

"Qarabağ"ın sabiq futbolçusu Zaur Həşimov Sportal.az saytına müsahibə verib.

Ağdam klubunun keçmiş müdafiəçisi Azərbaycan çempionunun avrokuboklardakı performansını dəyərləndirib.

- "Qarabağ" "Hekken"lə görüşdə 2:1 hesabı ilə qalib gələrək pley-off mərhələsinə çıxmağı bacardı. Ancaq oyun sanki sönük keçdi...

- "Qarabağ" ölkə futbolu adına daha bir tarixi qələbə qazandı. Sönük oyun deməzdim. Sadəcə, "Qarabağ" qrupdakı son iki oyunu yalnız nəticəyə köklənmiş futbol sərgilədi. Önəmli olan isə nəticədir. "Qarabağ" istəyinə nail oldu.

- "Qarabağ" ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə qalmağı bacardı. Ümumiyyətlə, "Qarabağ"ın bu qrupdakı çıxışını, performansını necə qiymətləndirirsən?

- "Qarabağ"ın Avropa Liqasında mərhələni pley-offda davam etdirməsi hamımızın gözləntisi idi. "Bayer"lə Leverkuzendəki matçı çıxmaq şərtilə, "Qarabağ"ın bütün oyunlardakı performansı qənaətbəxş oldu. Komanda istədiyi nəticəni qazanmağı bacardı.

- Ağdam klubununun hazırkı heyəti ilə Avropa Liqasında daha uzun yol qət etməyə imkan verir? Yeni transferlərə ehtiyac var?

- "Qarabağ"ın hazırkı heyəti təcrübəli oyunçulardan ibarətdir. Kevin Medinanın da uzun müddət oynamayacağını nəzərə alsaq, heyətin kasad olduğunu söyləmək mümkündür. Yəqin ki, qışda bir neçə transfer olacaq. Bu heyətlə bir neçə cəbhədə mübarizə aparmaq çətin olacaq.

- Sizcə, "Qarabağ"dan sonra Azərbaycanda ikinci komanda bu nəticəni təkrarlaya biləcək?

- Klublarımız arasında böyük maliyyə dəstəyi olan klublar var. Düşünürəm ki, düzgün strategiya olmalıdır. Yaxın gələcəkdə digər klublarımızin da Avropa Liqalarında uğurlar əldə edəcəyinə inanıram.

- "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri də bəllidir: "Milan", "Feyenoord", "Lans", "Braqa", "Benfika", "Qalatasaray", "Yanq Boyz", "Şaxtyor". Səncə, hansı daha uyğundur "Qarabağ"a?
- "Qarabağ"ın Portuqaliya klubları ilə qarşılaşmasını istəməzdim. İtaliya futbolunun fanatiyam. Ona görə də, "Milan"ı Bakıda görmək istəyərdim. Görək də, hansı komanda çıxacaq. Hansı komanda düşərsə-düşsün, "Qarabağ"a uğurlar arzulayıram.

- Ümumiyyətlə, necə düşünürsən, "Qarabağ"ın Avroliqadakı yolunun uzun olub-olmaması düşəcək rəqiblərdən asılıdır, yoxsa necə?

- Pley-off mərhələsi iki oyundan ibarət olur. Futbolda gözlənilməz nəticələr də mümkündür. "Qarabağ" bu mərhələyə gəlib çatıbsa, buradan da yuxarıya qalxa bilər. Ancaq yenə də, rəqibin kimliyi və "Qarabağ"ın həmin vaxtdakı performansı böyük rol oynayacaq.

Mirbağırağa

Xəbər xətti