Millimizin baş məşqçisi: "Bu, komandamızın real gücünə uyğun nəticə deyil"

11:31 - 21 Dekabr 2023

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçirilmiş Niderland - Azərbaycan (3:0) görüşündən sonra milli komandamızın çalışdırıcısı Vitali Borisov görüş haqda fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Borisov Niderlanddakı məğlubiyyəti şərh edib:

"Oyuna yaxşı başladıq, qol vurmaq üçün epizodlarımız da rəqibdən çox oldu. Niderland millisi bu gün 5-6 şansdan 3-nü dəyərləndirdi, bizim zərbələrimiz isə qapı dirəyindən qayıtdı. Nəticə qane etməsə də, mübarizəyə görə komandama təşəkkür edirəm. Sona qədər vəziyyəti düzəlmək üçün əllərindən gələni etdilər, çalışdılar, amma alınmadı. Qrup mərhələsini 4 xalla başa vursaq da, bu, komandamızın real gücünə uyğun nəticə deyil. Azı 9 xal toplaya bilərdik. Oyunlar oldu ki, hesabda 2 top fərqi ilə önə keçdik, lakin üstünlüyümüzü qoruya bilmədik. Bəzi matçlara isə tam heyətlə çıxa bilmədik, kimisi zədə, kimisi də cəza üzündən komandaya kömək edə bilmədi. Gələcək oyunlar üçün heyətə yeni oyunçular dəvət edəcəyik. Çox işləməliyik. Demək olar, yeni komanda qururuq".

Azərbaycan A qrupunu 4 xalla sonuncu tamamlayıb.

Xəbər xətti