"Kuboku qazanan Avropa Liqasına yollanacaq, bu komandanı daha da həvəsləndirir" - MÜSAHİBƏ

18:22 - 21 Dekabr 2023

"Sabah"ın futbolçusu Cesse Sekidika Sportal.az saytına müsahibə verib.

- Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə 4:3 qalib gəldiniz. Qarşılaşma sizin üçün necə alındı?

Gərgin qarşılaşma oldu. Hər iki komanda növbəti mərhələyə keçmək istəyirdi. Buna kimi sona kimi mübarizə apardı. Hesabda iki top fərqi ilə önə çıxsaq da bu üstünlüyü qoruyub saxlaya bilmədik. Ancaq buna rəğmən oyunun sonuna kimi mübarizə aparıb, bizə lazım olan qolu vurduq. Növbəti mərhələyə keçdiyimizə görə şadam.

- Matçın belə çətin keçəcəyini gözləyirdin?

- Bəli, matçın çətin keçəcəyini bilirdik. Gözlədiyimiz kimi də oldu. Nəzərə alaq ki, bu mərhələ bir oyundan ibarət idi. Hər şeyin bu matçda həll olunacağını dərk edirdik.

- Bu oyunda akrobatik tullanışla baxımlı qol vurdun...

- Bəli, gözəl qol alındı. Artıq bir neçə həftədir ki, məşqlərdə bu cür qollar vururdum. Bunu oyunda da reallaşdırmaq əla oldu.

- "Sabah"ın kuboku qazanmaq şansını necə qiymətləndirirsən?

- Biz yalnız hər növbəti oyunumuza köklənir və yalnız bu matçdan qalib ayrılmaq barədə düşünürük. Məqsəd, hər oyunumuzdan qələbə ilə ayrılmaqdır. Kuboku qazanmaq şansımız varmı? Məncə, hər bir komandanın belə şansı var. Lakin hazırda bu barədə danışmaq çox tezdir.

- Kuboku qazanan komanda Avropa Liqasına yollanacaq. Bu, sizə əlavə motivasiya verir?

- Sözsüz ki, ölkə kuboku avrokuboklara vəsiqə baxımından ən qısa yoldur. Üstəlik, bu dəfə kuboku qazanan komanda Avropa Liqasına yollanacaq. Bu, əlbəttə komandanı daha da həvəsləndirir.

- Bu ilin son oyununu "Qəbələ"yə qarşı keçirəcəksiz. Rəqibinzi son pillədədir. Bu oyundan gözləntilər nələrdir?

- Bizi çətin səfər oyunu gözləyir. Həmişə olduğu kimi rəqibi təhlil edəcək və həftə boyu var qüvvəmizlə məşq edəcəyik. Sözsüz ki, biz hər oyunumuza qələbə qazanmaq üçün çıxırıq. Bu oyun da istisna olmayacaq.

- Ötən mövsüm "Sabah" çempionatda ikinci olmuşdu. Bu mövsüm isə komanda ümidlər doğrultmur. Səncə, ötənilki nəticəni təkrarlamaq mümkün olacaq?

Bəli, mövsümün sonunda yaxşı yerlərdə olacağımıza inanıram. Buna nail olmaq üçün nə qədər çalışmalı, nə qədər məşq etməli olduğumuzu bilirik və bu yolda davam edirik.

- "Qalatasaray"da oynamısan. "Qarabağ"ın Avropa Liqasında pley-off mərhələsində potensial rəqiblərindən biri "Qalatasaray" idi. Keçmiş komandanın Bakıya gəlməsini istəyirdin?

- Əlbəttə. Orada çoxlu dostlarım var, ona görə də onları yenidən görmək xoş olardı. 

Xəbər xətti