"Premyer Liqada oyunlarımızı Xankəndidə oynasaq, xoşbəxt olarıq"

16:30 - 21 Dekabr 2023

"Tarixi torpaqlarımızda belə oyunun keçirilməsinə görə Ali Baş Komandana, Ordumuza minnətdatlığımı bildirirrəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqlar onların qanları sayəsində azad olunub. Hamı "Qarabağ"ın gücünü bilir. Biz də MOİK olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Bacardıqlarını etdilər".

Sportal.az xəbər verir ki, bu sözləri MOİK-in baş məşqçisi Qəzənfər Abbasov ölkə kubokunun 1/8 final mərhələsinin "Qarabağ"la(0:1) oyunundan sonra mətbuat konfransında deyib.

- Komandanız layiqli oyun göstərdi. Matçdan sonra Qurban Qurbanov sizə nə dedi?

- Məni gözəl oyuna görə təbrik etdi. Hansı kluba qarşı oynayacağımızı bilirdik. Dünən də Qurban müəllimlə görüşəndə demişdim ki, gözəl futbol göstərməyə çalışacağıq.

- Qarşınıza Premyer Liqa hədəfi qoyulub?

- Bəli. Bizə tapşırıq verilib ki, komanda çempion olaraq Premyer Liqaya vəsiqə qazansın.

- Ev oyunlarınızıXankəndidə keçirmək ehtimalınız haqda məlumatlar var. Bu haqda nə deyə bilərsiz?

- Əlbəttə istəyərdik. Bu, rəhbərlik səviyyəsində verilən qərardır. Premyer Liqada oyunlarımızı Xankəndidə keçirsək, xoşbəxt olarıq.

- Bugünkü oyun MOİK-ə diqqətin artacağına səbəb ola bilər?

- Bəli. Bu görüşdən öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbəri bizimlə görüşdü. Futbolçulara söz verdi ki, qayğı bundan da artıq olacaq. Biz diqqəti hər zaman hiss edirik. Bundan da artığının olacağına inanırıq.

Elçin Əlixan

Xəbər xətti