Şahin Diniyev millimizə baş məşqçi seçimi haqda: "32 ildir ki, eyni səhvi edirik"

21:23 - 23 Dekabr 2023

"Oyun haqda danışmaq asan və çətindir. Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə altı nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. 18-ci tur olsa da, komandamızda güc var idi. "Sumqayıt"ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik.İki-üç oyunçu gələcək.  Güclənəcəyik deyəndə ki, həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. "Səbail" düzgün yoldadır, komandanın xarakteri var. "Sumqayıt" elə-belə komanda deyil. Onları bu heyətlə qapılarına otuzdurduq".

Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 18-ci turunun "Səbail"lə(1:0) səfər görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

-"Səbail"in xal qazanmasına nə mane oldu?

- Qısa cavab verə bilmirəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. "Sumqayıt"ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu. Bilirdim ki, "Sumqayıt"da 60-cı dəqiqədən sonra fiziki sarıdan eniş olur. Amma oyunumuzu sürətləndirmək üçün əlimdə material olmadı. Futbolçularımı kiçiltmirəm. Sadəcə, kreativ oyunçularımızın az olması, oyunun tempini qaldıra bilməməyimizə də səbəb oldu. Qələbəni qəbul ediriksə, məğlubiyyəti də etməliyik. Üzülmürük. Çünki düzgün yoldayıq.

- İki dövrə ərzində hansısa məşqçiyə iki oyunun hər ikisində də uduzmağınızı xatırlamıram. Amma "Sumqayıt"la belə oldu. Səbəb nədir?

Özümüzünküdür, eybi yoxdur. Azərbaycanlı məşqçinin bizi udmasında problem yoxdur. Legioner məşqçiyə uduzmadıq. Samir də bizim azərbaycanlımızdır. Yaxşı məşqçidir. Desəm ki, oyunumuz alınmır, xeyr. Elə komanda var ki, onlara qarşı oyun alınmır. Amma "Sumqayıt"la matçlarda üstün oynadıq, sadəcə uduzduq. "Qəbələ" ilə görüşdə onlar üstün oynadı biz udduq. Bu, o demək deyil ki, Şahin Diniyev Elmar Baxşıyevi uddu. Kimdənsə söhbət getmir, ümumi komandadan yox.

- "Səbail"in bundan sonrakı məqsədi nə olacaq?

Mən sözün arxasında dayanan şəxsəm. Demişdim ki, çempionatın ilk hissəsində olmağımızdan çox şey asılıdır. Əminliklə deyə bilərəm ki, avrokuboklar üçün oynayan hazır komanda edəcəyik. Şans varsa, maksimum istifadə edəcəyik.

- Şahin Diniyev üçün Murad Musayev və ya Adiran Mutuya uduzmaqla, Samir Abasov yaxud da yerli məşqçilərdən digərinə uduzmaq arasında ciddi fərq var? Xarici mütəxəssisin çalışdırdığı komandalara qarşı sizin xüsusi motivasiyanız olur?

Mənim üçün şəxsi uğurdansa, komandanın uğuru vacibdir. Hansısa məşqçidən zəif ola bilərəm, əsas odur ki, komandam qalib gəlsin. İndiki məşqçilərin əksəriyyəti futbolçu dövründə komandamda oynayıb. Məni sevindirir ki, bu cür insanlar hazırda məşqçi kimi çalışırlar. Onların uğuru məni sevindirir. Amma kiməsə qarşı prinsipim yoxdur.

- Qapınıza vurulan qoldan qabaq sizcə qayda pozuntusu var idi?

Ardıcıl iki epizodda elə epizod var idi. Düşünürəm ki, ikisindən birində qayda pozuntusu vermək olardı. VAR hər tərəfdən baxırsa, belə qərar çıxarıbsa, hörmətlə yanaşmaq lazımdır.

- Sizcə, Azərbaycanın əsas millisinə yerli, yoxsa xarici məşqçi təyin edilməlidir?

Məşqçinin milləti olmur. Biz həmişə deyirik ki, Azərbaycanın mentalitetinə uyğun gəlsin. Heç gəlməsin. Əgər futbolumuzu yüksəldəcəksə, hansısa mentaliteti bilmək lazım deyil. Futbolçuya bir yanaşma var, o da peşəkarcasına. Biz deyirik ki, yox, bizim futbolçu ilə başqa cür danışmaq lazımdır. Bu, düzgün baxış deyil. Yenə təkrarlayacam, yenə yazacaqsız. Bizdə baş məşqçi problemi deyil. 32 ildir bu səhvi edirik, bu da 33-cü il olacaq. Kimin gəlməsinin fərqi yoxdur. Problemi düz yerdə axtarmırıq. 32 ildir ki, noyabr-dekabr aylarında bu, jurnalistlərin sevimli mövzusudur: göndərək, kimi gətirək? Alınmır. Demək ki, problem orada deyil. Başqa yerdədir. 

- AFFA istefa verməlidir..

Misal üçün, yaxşı, yeni AFFA gətirdik...Ümumi sistemimiz yoxdur. Futbolun inkişafı üçün hansı sistemimiz var idi? 10 il oldu da. Nə baş verdi? Ancaq legionerlər gəldi, 40-50 min verdik getdilər, yenə futbolumuz qaldı belə. Utanmaq lazım deyil. Lüksemburq necə inkişafa keçdi? Utanmayaq, onların sistemini götürək. Almaniya kimi qrand finallara düşəbilmədi. Onlar başqa yol tapdılar. Hərənin bir uğur yolu var. Bizim də uğur yolumuz Şimali Makedoniya, Lüksemburq, Qazaxıstana uyğundur. İstənilən məşqçini milliyə gətirsək, deyəcəyik ki, yarıtmadı. Yaxşı olmağını istəyirik, amma olmayacaq. 32 ildir ki, səhv edirik.

- Coşqun Diniyev "Umraniyespor"da çox yaxşı performans göstərir. "Səbail"ə gəlib avrokuboklar uğrunda oynaması yaxşıdır, yoxsa Türkiyə klubunda qalıb birinci liqadan düşməməsi üçün oynaması yaxşıdır?

Başqa söhbət etmək istəyirəm. Amma etmirəm. Azərbaycan futbolu üçün orada qalması yaxşıdır. "Ümraniyespor"da problemlər oldu. Amma həll edildi. Bu arada gördüm ki, Coşqunu neçə komanda istəyir. Türkiyəli meneceri ilə danışırdım. Superliqaya çıxacaq komandalar Coşqun üstündə mübarizə aparırdı. heyf ki, o, bu yolu çox gec tutdu. Potensialı böyükdür. Qurban Qurbanovun da "Qarabağ"da onun üzərində böyük əziyyətləri olub. Hərdən ona qulaq asmayıb. Coşqun orada xoşbəxtdir. Xoşbəxt adamı gətirib yenidən xoşbəxt etməyə ehtiyac yoxdur.

- Sabah "Neftçi" qalib gələrsə, "Səbail" beşinci pilləyə düşəcək. Rəhbərliklə fasilə zamanı söhbətiniz olacaq?

İki-üç mövqe üzrə yaşıl işıq yandırılıb. Rəhbərliklə görüşmüşük. Bütün baş məşqçi sponsoru tərifləyir. Məndə belədir, xoşum gəlməyəndə, heç nə demirəm. Amma doğrudan da bizdə anlayışlı insanlardır. Ötən mövsüm 9-cu yerdə olmuşuq, bu mövsüm 8-də olacağıqsa, uğur sayılır. Lakin mən də istəyirəm ki, təməli olan komanda yaradaq. Hərdən deyirlər ki, komandanı düzəltmək üçün üç il lazımdır. Bu ilki legionerlərimiz yaxşıdır.

- Bəzi məşqçilər ölkə xaricindəki toplanışdan imtina etdi, amma "Səbail" Türkiyəyə yollanacaq. Seçimi nəyə əsasən etdiz?

Şəraitimizin yoxdur. Məşq üçün heç bir meydançamız yoxdur. Təbii örtük üçün günlərlə meydança axtarırıq. "Qarabağ" və "Neftçi"nin öz bazası var. Heç kim öz meydançasını vermir. BOS-da gəzmək belə, təhlükəlidir, nəinki oynamaq. Mənim də şəraitim Qəbələdəki kimi olsaydı, bəlkə getməzdim. Bu gün şəraitimiz sıfırdır. Bir meydançamız var. Deyirik ki, transfarmator partladı. O həftədə iki saat yanar da. Bizdə isə, hər gün işləyir, transfarmator nə etsin? Nə qədər komandamız bu meydançada məşq edir. Zaman azlığına görə çoxları düz edir, amma mənim şəraitim yoxdur deyə, belə etdik.

- Bir çox futbolçunuz zədələnib. Burada stadionunuzun təsiri nə qədərdir?

Statistikaya baxın, ən çox zədə hansı komandadadır? "Turan Tovuz" və "Səbail"də. Bizdəki zədələrin hamısı meniskdir. 14-15 yaşlı futbolçular meniskdir. Bunu Avropada eşitsələr, dəli olarlar. Bu yaşda belə zədə nə deməkdir? Süleyman, Cabir, Qomis - çarpaz bağları qopub. Problemdir. Bir sirri deyim. Yer tapılıb, oranı tikib, bu stadionumuzu isə təbii örtüklü etmək istəyirlər. Biri Əhmədli qəsəbəsi tərəfdədir. Rəhbərlik onu tapıb. İşlər davam edir. Akademiyanı orada tapdığımız yerə köçürəcəyik.

Mirbağırağa

Xəbər xətti