Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşündə diqqətçəkən futbolçulardan biri də Zeynal Əhmədzadə oldu. “Hərbçilər”in əsas qolkiperi Ağdam klubuna qarşı son saniyələrə qədər qapıda inamlı təsir bağışlamağı bacardı. Nəriman Axundzadənin vurduğu qola mane ola bilməsə də, buna qədər bir çox epizodlarda komandasını xilas etmiş 22 yaşlı qolkiper Sportal.az saytına müsahibə verib. O, həm Xankəndidə keçirilmiş tarixi görüşdən, həm də gələcək planlarından söhbət açıb.
- "Qarabağ"la matçda MOİK gözləniləndən də çox yaxşı çıxış etdi. İnamlı, mübariz oyun göstərə bilməyinizin səbəbi nə idi? Çoxları böyük hesabla da uduzacağınızı gözləyirdi...
- Bəli, gözləntilər "Qarabağ"a böyük hesabla uduzmağımız olsa da, biz kamanda kimi özümüzə inanırdıq və rəqibə diş göstərə biləcəyimizi bilirdik. Bu cür oyunda ən böyük motivasiyamız təbii ki, görüşün Xankəndidə keçirilməsi idi. Biz də Azərbaycan Ordusunu təmsil edirik, layiqli mübarizə aparmalıydıq. Məncə, bunu yetərincə etdik. Digər motivasiyamız isə rəqibin "Qarabağ" olmasıydı. Onları adı matça ikiqat köklənməyin üçün yetərlidir.
- Səni qarşılaşmanın əsas qəhrəmanlarından hesab etmək olar. Qurtarışların az deyildi. "Qarabağ"ın futbolçularına qarşı hansısa həyəcanın yox idi?
- Matçdan öncə də düşünürdüm ki, bu oyunun karyeramda böyük rolu ola bilər. Ona görə də ən yaxşısı etməyə çalışdım. Həyəcan isə oyundan öncə var idi. Meydana daxil olanda, özümü çox rahat hiss edirdim.
- Matçı izləyənlər arasında Cənab Prezident İlham Əliyev olması, görüşdən öncə sizinlə görüşməsi və görüşü sona qədər izləməsi, məsuliyyəti və motivasiyanı yəqin ki, daa da artırmışdı...
- Düzdür, Cənab Prezidentin orada olması, oyuna gəlməsi, matçı izləməsi bizə çox böyük motivasiya verdi. Belədə, məsuliyyət iki qat olur. Özümü ən yaxşı tərəfdən göstərməyə çalışdıq. Həqiqətən, bu cür oyunda, özü də Xankəndidə, Cənab Prezidentin qarşısında oynamaqdan qürur duyuram.
- MOİK-də hərbi xidmət dönəmindəsən, yoxsa sadəcə futbolçu karyeranı bu klubda davam etdirirsən?
- Onsuzda, hamımız bu vətənin əsgərləriyik. Belə, yox, hazırda sadəcə futbolçu karyeramı MOİK-də davam etdirirəm.
- Ümumiyyətlə, "Qarabağ"a qarşı oynamaq çox çətin idi? Daha çox hansı futbolçudan ehtiyat edirdin?
- Əlbəttə. "Qarabağ" ölkənin 1 nömrəli futbol komandasıdır. Onlara qarşı oynamaq nəinki bizə, Avropa klublarına da çətindir. Demək olar ki, hər oyunçudan ehtiyatda edirdim. Çünki "Qarabağ"ın hər bir futbolçusu istənilən anda oyunda dəyişiklik etməyə qadirdi.
- MOİK-in birinci liqadakı çempionluğa şansını necə dəyərləndirisən? Yəqin ki, Premyer Liqaya çıxaraq ev oyunlarınızı Xankəndidə keçirmək istəyirsiz. Baş məşqçiniz Qəzənfər Abbasov da belə dedi...
- Çempionluq şansımızın çox böyük olduğunu düşünürəm. Bunun üçün yetərincə güc və təcrübəmiz var. Allah qoysa, mövsümün sonunda istədiyimiz nailiyyəti əldə edərik. Təbii ki, Premyer Liqadakı matçlarımızı Xankəndində keçirməyi çox istəyərdik.
- "Qarabağ"a qarşı performansından sonra necə düşünürsən, Premyer Liqa klublarından sənə maraq olacaq?
- Məncə, Premyer Liqa klublarının maraq dairəsinə düşə biləcək futbolçuyam.
- "Qarabağ" yalnız son saniyələrdə qol vura bildi. Maraqlıdır, Nəriman Axundzadənin vurduğu qol zamanı niyə komandanı xilas edə bilmədin?
- Mən bəhanə etməyi heç sevmirəm. Amma olanı deyəcəm. İnanın, gün düz gözümə düşürdü və zərbə zamanı topun gəlişini görmədim. Ona görə də vaxtında reaksiya verə bilmədim.
Mirbağırağa
saytlarin hazirlanmasi