Xəbər verdiyimiz kimi, "Araz-Naxçıvan" “Sabah”ın yarımmüdafiəçisi İldar Alekperovu mövsümün sonuna qədər icarəyə götürüb.
Sportal.az xəbər verir ki, “Zirə” ilə keçirilən yoxlama matçında da meydana çıxan futbolçu klubun mətbuat xidmətinə ilkin təəssüratlarını bildirib:
“İlk növbədə məni inanaraq komandaya dəvət etdiyinə görə məşqçilər heyətinə təşəkkür edirəm. Bu mövsüm “Sabah”ın heyətində demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündür “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa zaman lazımdır. Uşaqlar yaxşı qarşıladılar, aralarında tanıdıqlarım da var. Atmosfer yaxşıdır, baxıram, hamı oynamaq istəyir, bunun üçün çalışır.
“Zirə” ilə yoxlama görüşündə fasilədən sonra oyuna qoşuldum. Hələ tam hazır deyiləm. Xüsusilə də fiziki planda axsamalar var. Oyundan sonra baş məşqçi ilə də söhbətimiz oldu, fikirlərini dinlədim. Əlbəttə, onun dedikləri çox önəmlidir. Elə etməliyəm ki, çempionatın bərpasına qədər çatışmazlıqları aradan qaldırım”.
saytlarin hazirlanmasi