Misli premyer Liqasının 19-cu turu səhv hakim qərarları ilə yadda qaldı.
Türkiyədə təlim-məşq toplanışı keçən referilərimiz, görəsən, özlərini heçmi inkişaf etdirə bilmədilər?
Sportal.az xəbər verir ki, Football-plus.az veteran hakim Fariz Yusifovla əlaqə saxlayıb, son turda yaşananlarla bağlı fikirlərini öyrənib:
“Hər şey hazırlıqdan başlayır. Biz Türkiyə toplanışına gedəndə həm nəzəri, həm də praktik cəhətdən özümüzü inkişaf etdirirdik. Ən azı iki-üç yoldaşlıq oyununda iştirak edirdik. Bilirdik ki, mövsümün həlledici oyunları yaxınlaşır. Bizim hakimlərin kollektiv şəkildə, bir rəhbərlik altında Türkiyəyə aparılması çox yaxşı haldı. Hətta bildiyim qədəriylə orda bir sıra başqa ölkələrin referiləri də olub. Amma görünən odu ki, çempionat başlayan kimi problemlər üzə çıxır. Bu da praktikaya bağlıdı. Fikir verirsizsə, əsasən də gənc hakimlərin oyunlarında belə hadisələr yaşanır. Hətta görürsən ki, təcrübəli hakimdi, amma VAR-a baxır, sonra gedir öz qərarını təsdiqləyir. Doğrusu, bizim zamanımızda heç VAR yox idi. Baş hakimin gözü qarşısında, 3-5 addımlıqda olan pozuntudusa, VAR-a baxandan sonra qərarını təsdiqləməsi sual doğurur. Axı bunlar 10-12 gün Türkiyədə təlim keçdilər. Keçdikləri təlimlərin nəticəsi də ilk turdaca büruzə verdi. Həmçinin vərəqələrlə də bağlı müəyyən epizodlar var. Bir hakimin yanaşması digər hakimin yanaşmasıyla üst-üstə düşmür. Hakimlər arasında sinxronluq da yoxdu. Hərəsi futbolu başa düşdüyü kimi tətbiq etmək istəyir, amma bu mümkün deyil. Ümumi oyun qaydaları var. Lazımdı ki, sinxron şəkildə çalışmağı öyrənəsən və öyrəndiklərini meydanda tətbiq edəsən. Həm də indi VAR sistemiylə epizoda bir neçə dəfə baxa bilirsən. Bu üstünlükdü. Biz isə öz vaxtımızda təlim-məşq toplanışında nə öyrənmişdiksə, ilk oyunlardaca onu göstərməyə çalışırdıq. Artıq birinci turda belə hadisələrin baş verməsi nələrinsə düzgün olmadığını xəbər verir. Yəqin ki, bu barədə Hakimlər Komitəsinin rəhbəri də fikirləşər. Çünki qarşıda hələ vacib oyunlar var. Ona görə də hakimlərə tövsiyəm budu ki, toparlansınlar, bir yerə yığışıb bu epizodları müzakirə etsinlər. Hansısa fikir ayrılığına getməsinlər, sadəcə, “oyun qaydaları” kitabına söykənsinlər. Adicə “Səbail” - “Zirə” matçında hakimin tutduğu mövqe məni təəccübləndirdi. Gözünün qabağında baş verən epizoda görə VAR-a baxdı. Bu da təcrübəsizliklə bağlıdı. Birdən-birə gənc yaşlarından premyer-liqanın oyunlarına təyinat almaları onlar üçün çətindi. Premyer Liqada yalnız təcrübəli hakimlər olmalıdı. Ona görə də aşağı liqalarda ən azı iki-üç il təcrübə qazanmaq lazımdı. Əliyar qardaşıma uğurlar arzulayıram, o, bir neçə il mənim yanımda ehtiyat hakim qismində çıxış etdi. Bir çox epizodları, qərarları bir yerdə müzakirə etmişik. İndi də hakimlərin bir yerdə toplaşıb belə şeyləri müzakirə etmələrini istəyərəm”.
Fariz bəyə “hakimlərin sayının az olduğu deyilir, bu fikirlə razısız” sualını da ünvanladıq:
"Hakimlərimizin sayı o zaman çox olacaq ki, çoxlu komanda olsun. Qoy çoxlu oyunlarımız olsun, Hakimlər Komitəsində də sıxıntı keçirsinlər ki, hakim tapmaq lazımdı. İndiki vaxtda oyun sayı az olduğuna görə hakimlərin kifayət qədər olduğunu düşünürəm”.
saytlarin hazirlanmasi