Misli Premyer Liqasının yeni mövsümündə komanda sayı artırıla bilər. Bununla bağlı rəsmi xəbər yoxdur, AFFA-dan da daim təkziblər eşidirik. Amma…
…Amma son günlər bununla bağlı çox danışılır. Martda AFFA rəhbərliyində ediləcək dəyişikliklərdən sonra aparılacaq islahatlardan birinin məhz çempionatla bağlı olacağı deyilir. Konkret detallar bəlli deyil, yarışın reqlamentinin necə olacağı bilinmir, lakin Premyer Liqada komanda sayının 12 olacağı söylənilir.
Hətta iştirakçi sayı haqqında da təxminlər var. Deyilənlərə inansaq, elitanı kimsə tərk etməyəcək. Hazırda sonuncu pillədə olan “Qəbələ”nin yeni baş məşqçi Kaxaber Sxadadze ilə ilyarımlıq müqavilə bağlanmasının bir səbəbi də bəlkə Premyer Liqada qalmağın yaratdığı əminlikdir.
Elitaya gələcək digər iki komandanın adları ilə da bağlı təxminlər var. Gözləntilər doğrulsa, “Şamaxı” yenidən Premyer Liqaya yüksələcək, üstəlik, MOİK yüksək büdcə ilə təmin edilib, Xankəndiyə köçürüləcək.
Təbii ki, bütün bunlar ehtimallardır. Ötən mövsümdən etibarən ilk dəfə reqlamentə əməl olunması, idman prinsiplərinin qorunması gələcəyə ümidi artırmışdı. İndiki situasiyada isə gələn mövsümün iştirakçılarının konkret adı çəkilir. O zaman I Liqada gedən mübarizə kimə lazımdır?
AFFA prezidenti postu ilə bağlı müəmmalara aydınlıq gəlsin, davamını ondan sonra biləcəyik. Dəyişikliklər ölkə futbolunun xeyrinə olacaqsa, bizə yalnız alqışlamaq düşər. Görüntü xatirinə dəyişiklik yaranmış sabitliyi də pozacaqsa, olmaz olsun.
Futbolinfo.az
saytlarin hazirlanmasi