Azər Bağırov: "Kimlər ki, hakimlikdən danışdı, bu gün onlara simpatiya var"

21:18 - 2 Mart 2024

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb:

- Uduzanda çox şeydən danışmaq olmur, səhvləri komanda ilə müzakirə etməlisən. Meydanda görmək istəmədiyimiz hallar var. Futbolçularla danışmışdıq ki, rəqib əks-hücumda daha çox olacaq. Amma meydanda tam fərqli şeylər gördük. Fasilədən sonra üstünlüyümüz olsa da, qol vura bilmədik. Sağ olsun hakimlər də yaramızın üstünə duz tökdü.

- Digər komandalar heyətin kasadlığı ilə bağlı şikayət edirdilər. Sizdə vəziyyət necədir? Heyətlə bağlı probleminiz var?

- Neçə oyundur ki, hakimlər barədə danışmaq istəmirəm. "Səbail"lə oyundan bu yana qeyri-adi ofsayd xətti çəkilir...Cərimə meydançasında müdaxilədə şaqqıltı səsi bizim yanımıza qədər gəldi. Amma deyirlər topa oynadı. Mən bəhanələr gətirən adam deyiləm. Əlində material varsa, ondan maksimum istifadə etməlisən. Bu gün əlimizdə yetəri qədər material var. Sadəcə qol epizodlarını dəyərləndirə bilmirik. Səhvlərimizin üzərində işləməliyik.

- Digər həmkarlarınız hakimlər haqda danışır. Düşünmürsüz ki, səssiz qaldığınız üçün əleyhinizə qərarlar olur?

- Həmkarlarımın işinə qarşımaq istəmirəm. Mövsümün əvvəlində hakimliklə bağlı çox danışdılar. Kimlər ki, danışdı, bu gün onlara simpatiya var. Biz də futbola baxırıq. Mən hakimlərin insafına buraxıram. VAR-da da ancaq bir adamdır. Rəşad Əhmədov ancaq VAR-da oturur. Azərbaycanda başqa hakim yoxdur yəqin ki. Ya VAR-da olur, ya da meydançada.

- Bu cür idarəetmə bəlkə hansısa planın tərkib hissədidir?

- Kadiri ilə Ayaz Quliyev hava mübarizəsinə qalxır, bizim oyunçuya sarı vərəqə verir. Mən elə bildim danışdığı üçün sarı vərəqə göstərdi. Dördüncü hakim deyir ki, kontakta görə verdi. Çox gülüncdür. Ən vacib oyunçulara sarı verəndə o deməkdir ki, bir az "xod"unu al. Bununla da futbolçunu sındırırlar. Cavan hakimlərə baxanda nə etmək istədiklərini bilirik. Tempi salırlar. Çox şeylər var, danışmaq istəmirəm. Adam danışdıqca lap batır. Özləri bilər. Kim necə hakimlik edirsə, özü cavab verəcək.

Elçin Əlixan

Xəbər xətti