Liqanın bombardiri: "İkinci diviziona düşməyimin səbəbi vaxtı ilə səhv seçimlər etməyim olub" - MÜSAHİBƏ

15:34 - 5 Mart 2024

İkinci Liqanın iddialılarından olan "Şahdağ Qusar"ın forvardı Tural Qürbətov da bombardirlər siyahısına başçılıq edir. "Bakı"nın yetirməsi, "Xəzər Lənkəran"ın sabiq forvardı 15 turdan sonra 21 qolla liderdir. Vaxtı ilə Premyer Liqada da oynamış 30 yaşlı forvard "Şahdağ Qusar"la yanaşı, minifutbol üzrə Azərbaycan çempionatında yarışan "Real Bakı"nın da formasını geyinir. Sportal.az saytına müsahibə verən Qurbətov bir çox məsələlər haqda danışıb.

- Hazırda 21 qolla İkinci Liqanın bombardirisən. Sənin üçün bu çempionatda ikinci liqada oynamaq çox asan gəlir? Hətta bir oyunda beş qol birdən vurmuşdun..

- Birinci dövrədə uğurlu sezon keçirdim, 21 qol vurdum. Oyunların asan keçdiyini deməzdim. Düzdür, zəif komandalar var. Amma liqa zəif deyil. Qətiyyən belə deyil. Çempionat düşündüyümüzdən də yaxşı keçir. Rayonlara gedirik, orada matçlar çətin alınır. Lakin maraqlı olur. Məncə, İkinci liqa birinci liqadan da daha maraqlıdır.

- Ümumiyyətlə, İkinci Liqada məqsədiniz nədir? Hazırda ikinci pillədəsiz. Səncə, üst liqaya yüksəlməyiniz mümkündür? 

- İkinci Liqadakı məqsədi odur ki, çempion olaraq Birinci Liqaya yüksələsən. "Şahdağ Qusar"la Premyer Liqaya kimi qalxmaq məqsədimiz var. Komandanın durumu da çox bizi razı salır. Məncə, bizim komandanın vəziyyəti Birinci Liqa klublarının durumundan da yaxşıdır. "Şahdağ Qusar"ın rəhbərliyi, məşqçiləri futbolçulara çox dəstək olurlar. Heç bir problemimiz yoxdur, bizə hər cür köməklik göstərirlər. Bizə də, oynamaq, çempion olmaq qalır. Yeni sezondan Birinci Liqada iştirak edib, daha sonra da Premyer Liqaya vəsiqə qazanmaq istəyirik.

- İkinci Liqanın səviyyəsi, klubların işə yanaşması hansı səviyyədədir? 

- Üç-dörd komanda var ki, səviyyəlidir, komandaya yaxşı şəkildə baxılır. Rayon komandalar var ki, maddi cəhətdən sıxıntıları ola bilər. Amma çempionat çox maralqıdır. Rayonlara gedirik, çox azarkeş qarşısında oynayırıq, çətinlik yaşayırıq. Həqiqətən çox maraqlı liqadır. 

- Bombardirlik siyahısında birinci yerdəsən. Qollar vurmağın, Premyer Liqa və ya birinci liqa klublarının diqqətini cəlb edib? 

Mənə Premyer Liqa klublarından heç bir maraq göstərilmədi. Nə də ki, təklif oldu. Düzdür, birinci liqadan təklifim var idi. Amma mənim üçün bu dəqiqə "Şahdağ Qusar"da qalıb, komanda ilə çempionluğa oynamaq ən vacib məsələdir. Bu liqada oynamağı bəyənirəm.

- Vaxtı ilə "Bakı" kimi güclü komandanın heyətində yüksək liqada oynamısan. Səncə, karyeranı hazırda İkinci Liqada davam etdirməyin, Premyer Liqada olmamağın nə ilə bağlıdır? 

Bəli, vaxtı ilə Premyer Liqada oynamışam, "Bakı"nın futbolçusu olmuşam. Çempionatın ən güclü komandalarından biri idi. İkinci diviziona düşməyimin səbəbi vaxtı ilə səhv seçimlər etməyim olub. Liqaya düşməyimin səbəbi səhv seçimlərimdir. Bəzən də, şanssızlıqlar yaşamışam. Öz səhvlərim də çoxdur. İşimə daha ciddi yanaşıb, daha çox məşq edib, Premyer Liqada aqala bilərdim. Məncə, bunlar öz səhvlərimlə bağlıdır.

- Sabiq komandan "Xəzər Lənkləran"ın böyük futbola geri qayıdacağı gözlənilir. Yenidən bu komandada oynamaq istəyin var?

- Bəli, belə söhbətlər gəzir. "Xəzər Lənkəran"ın yenidən qayıtması çox sevindirci haldır. Bu klub hər zaman çox sevilir. Onların böyük futbola qayıtmasına çox sevinərdim. Orada yenidən oynamaq....Əlbəttə ki, istəyərəm. "Xəzər Lənkəran" mən oynayan vaxtlarda eniş dövrünü yaşayırdı. Amma azarkeşləri, komandanın səviyyəsi...Çox bəyənirdim. Belə variant olsa, yenə "Xəzər Lənkəran"da oynayaram.

- Hazırda həm də minifutbol liqasında mübarizə aparan "Real Bakı"nın üzvüsən. Orada işlərin necə alınır?

Bəli, "Real Bakı"da oynayıram. Düzdür, komandaya yeni qoşulmuşam. Cəmi üç oyundur ki, oynayıram. Hazırda turnir cədvəlində 4-cü pillədəyik. "Real Bakı"nın da məqsədi odur ki, ən azından mövsümün sonunda avrokuboklara vəsiqə qazanaq. Minifutbol çempionatında da heç asan deyil. Həm böyük futbol, həm minifutbolda oynamaq asan gəlməsin. Böyük futboldan çıxırsan, minifutbolda oynayırsan, bir az çətinlik çəkirik. Amma işimizdir, hər iki yerdə də ən yaxşı şəkildə oynamağa çalışırıq.

Mirbağırağa

Xəbər xətti