Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer"in ispaniyalı müdafiəçisi Alexandro Qrimaldo komandanın baş məşqçisi Xabi Alonso haqda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu həmyerlisi haqda xoş sözlər deyib:
"Xabi xüsusi insandır. O, yeni məşqçilik erasının astanasındadır. Bir məqamı qeyd edim. “Ştutqart”la matçda ilk hissədə çox zəif oynadıq. Xabi Alonso dedi ki, nəticə məni maraqlandırmır, mən öz oyun üslubumuzu, öz futbolumuzu görmək istəyirəm. Biz də çıxdıq, onun dediyini etdik".
Qrimaldo, "Benfika"dan "Bayer"ə keçidinin səbəbini də açıqlayıb: "Mən “Bayer"ə kuboklar qazanmaq niyyəti ilə gəlmişəm. Komanda gözlədiyimdən də yaxşı çıxdı. Mən bunu dərhal, mövsümöncəsi hiss etdim. Bundan sonra ağlımıza belə bir fikir gəldi ki, bu mövsüm azarkeşləri və medianı "Bayer" haqqında çox danışmağa vadar edəcəyik".
Qrimaldo 2023-cü ilin yayında azad agent kimi “Benfika”dan “Bayer”ə(Leverkuzen)keçib. Bu mövsüm müdafiəçi Almaniya klubu üçün bütün yarışlarda 33 oyun keçirib, 11 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.