Yeqor Xvalko: "Mahmudovla danışıb üzrxahlıq etdim, amma Bojoviçin fikri ilə qəti razı deyiləm" - MÜSAHİBƏ

14:25 - 10 Mart 2024

"Kəpəz"in kapitani Yeqor Xvalko Sportal.az saytına müsahibə verib. 

- "Neftçi" ilə görüşdə 3:3 hesabı ilə bərabərə qaldınız. Matç sizin üçün necə keçdi?

Matç bizim komanda üçün yetərincə yaxşı keçdi. Amma ağır oyun idi. Təbii ki, oyuna yaxşı hazırlaşmışdıq. Məşqçilər korpusu bizə necə oynamaq lazım gəldiyini bildirmişdi. İlk yarıda oyunumuz o qədər də çox alınmadı. Fasilədən sonra daha yaxşı və daha maraqlı oynadıq. 

- Xal qazandınız, yoxsa iki xalı itirdiz?

Məncə, xal qazandıq. Çünki hesab 3:3 olarkən “Neftçi”nin real qol epizodu var idi. Təbii ki, qələbə qazanmağı çox istəyirdik. Amma elə bir xal da bizim Premyer Liqada qalmağımıza kömək olacaq. Hər xal bizim üçün dəyərlidir.

- Filip Ozobiç bu görüşdə het-trik etdi. Onun zərərsizləşdirmək, qarşısını almaq çox çətin idi?

Ozobiç yüksək səviyyədə olan futbolçudur. Çox təcrübəli biridir. Onların hər bir futbolçusuna qarşı oynamaq çətindir. Amma dünən Ozobiçin günü idi. Buraxılan qolları, oyunu analiz edəcəyik və nə baş verdiyini anlayacağıq. Amma deməzdim ki, bütün təhlükə oyunboyu Ozobiçdən gəlirdi. Lakin məşqçilər korpusu onun çox təhlükəli olduğunu, nə edəcəyimizi də başa salmışdılar. Sadəcə hər şey alınmadı.

- Yeri gəlmişkən, o, bir qolunu səni keçərək vurdu, digər epizodda isə sən penaltiyə səbəb oldu. Bu matçın sənin üçün yaxşı alınmadığını demək olar?

Qollar buraxmışıqsa, demək ki, onu saxlamaq alınmayıb. Düzü, qollara baxmamışam. Baxdıqdan sonra nəyi düz etmədiyimi görəcəm.

- Emin Mahmudova qarşı kobud oynadığın üçün qapınıza penalti təyin edildi. “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç isə mətbuat konfransında bildirib ki, sənə qırmızı vərəqə verilməliydi. Razısan?

Bəli, belə alındı ki, Emini zədələdim. Oyundan sonra Eminlə danışdım və ondan üzrxahlıq etdim. Heç bir inciklik yoxdur. Emin bilir ki, mən bunu qəsdən etmədim. Mənə dedi ki, həmin ayağı “Qarabağ”la matçda zədələnib. Qırmızı vərəqə ilə bağlı isə qəti razı deyiləm. Matçdan dərhal sonra epizoda baxdım və aydın oldu ki, ona ayaqla zərbə vurmamışam. Sadəcə olaraq, onun ayağının üstünə yıxıldım. 

- “Kəpəz”in ev oyunlarını harada keçirəcəyi hələ ki, dəqiqləşməyib. Kapitan olaraq necə düşünürsən, harada oynamaq sizin üçün yaxşıdır?

Mən əvvəl də demişəm, ən yaxşısı Tovuzda oynamaqdır. Çünki yaxındır. Bakıya gedib-qayıtmaq isə əlavə yüklənmədir. Mövsümboyu işimiz onsuzda çox olur, yorğunluq yığılır və hər həftə yolda çox vaxt keçirmək istəməzdim.

- “Qəbələ” dünən də uduzdu. Hazırda onlarla xal fərqiniz 12-ə yüksəlib. Yəqin ki, böyük ehtimalla Premyer Liqada siz qalacaqsız, “Qəbələ” aşağı liqaya yuvarlanacaq...

Şəxsən mən bu cür düşünmürəm. Çünki qarşıda hələ 30 xal var. Bu cür düşüncələr komandanı arxayınlaşdıra bilər və nəticə baxımından təsir göstərər. Hətta Premyer Liqada qalmağımız rəsmiləşsə belə, son tura qədər mübarizə aparacağıq. Çünki hər bir futbolçu həm özünə, həm də komandasına hörmət edir.

Mirbağırağa
 

Xəbər xətti