"Neftçi"də çempionluq yaşamış məşqçi: "Rza Cəfərovun əsas qapıçı olması yanılmadığımın sübutudur"

16:34 - 10 Mart 2024

"Rza Cəfərovu əsas komanda ilə məşqlərə dəvət etmişdim. Düzü, o vaxta qədər onu görməmişdim. Sadəcə klubun içindən məlumat oldu ki, bizdə belə uşaq var, hərbi xidmət vaxtı çatır. Yəqin ki, buna görə də futboldan getməli olacaq. Yanılmıramsa, belə problem var idi. Rzanı əsas komandaya çağırdım. Həmin vaxtı da qapıçılarımızdan biri Səlahət Ağayev zədəli idi, dirsəkdən əməliyyat olunmalıydı. Müəyyən müddət ona baxdıqdan sonra potensialını gördüm. Məşqçi bir günü yox, bir neçə əvvəli görməyi bacarmalıdır. Onun potensialı var və bunu gördüyüm üçün əsas komandaya dəvət etdim. Bugünkü gündə onun "Neftçi"də əsas qapıçı olması yanılmadığımın sübutudur".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq məşqçisi, 2017/2018 mövsümündə komanda ilə birlikdə ölkə çempionluğunu qazanmış Etibar Tarverdiyev deyib. "Ağ-qaralar"ın qapıçılar üzrə məşqçisi kimi çalışmış təcrübəli mütəxəssis hazırda U-17 yığmasında işləyir. Vaxtı ilə Rza Cəfərovu "Neftçi"nin əsas komandasına cəlb edilməsində önəmli pay sahibi olan Etibar bəy gənc qolkiperin hazırkı performansını dəyərləndirib:  

"Rza Cəfərov özgüvən verir, rahatdır. Qolkiper qapıda rahat və özgüvənli olmalıdır ki, meydandakılar də rahat olsun. Doğrudur, səhvləri olur, olacaq da. Amma aradan qalxmalıdır. Təcrübə artdıqca bu səhvlər də aradan qalxacaq. Ona gələcək karyerasında uğurlar arzulayıram. Bu ay U-21 və A millimizin matçları olacaq. Ümid edirəm ki, iki yığmadan biriniə dəvət ediləcək və oynayacaq. Təbii ki, oynayıb-oynamamasına məşqçilər korpusu qərar verir. Rzanın yaxşı cəhəti odur ki, komandaya rahatlığı ilə özgüvən verir, ayaqla oyunu da çox yaxşıdır. Hücumlara başlamağı da bacarır. Qalan şeylərin isə zaman ehtiyacı var. Təcrübə yığmalıdır. Ümid edirəm ki, Rza gələcəkdə Azərbaycanda millimizə xeyir verəcək qapıçılardan biri olacaq".

Hazırda U-17 yığmasında qapıçı məşqçisi kimi işləyən Tarverdiyev perspektivli qolkiperin olduğunu deyib: "Bəli, bu yaxınlarda Minskdə U-17 yığması turnirdə iştirak etdi. Orada da qapıçılar özlərini yaxşı tərəfdən göstərə bildi. Performanslarından razı qaldım. Düzdür, səhvlər var idi. Onları aradan qaldırmaq lazımdır. Ümidverən qapıçılarımız çoxdur. Hamısının adını çəkmək istəmirəm. Perspektivli qapıçılarımız var. Biri Rauf Eyyubovdur, biri də Elbrus Kərimovdur. Onlardan da əlavə qapıçılar var ki, ara-sıra milliyə dəvət edib, yoxlayırıq".

Sonda isə o, gələcək karyerası ilə bağlı danışıb: "Sırf özümə gəldikdə, mən təkliflərə hər zaman açığam. Martda U-17 yığması ilə müqaviləm bitir. Təklif gələrsə, dəyərləndirəcəm".

Mirbağırağa

Xəbər xətti