Avstriya klubunu çalışdıracağı gözlənilən millimizin sabiq üzvü: "Çox gecikmişik, xəbər gözləyirik" - MÜSAHİBƏ

14:34 - 12 Mart 2024

Azərbaycan milli komandasının sabiq futbolçusu  Amit Quluzadənin Avstriyanın "Vakker Vyana" klubuna baş məşqçi təyin oluna biləcəyi haqda xəbər vermişdik. Sportal.az saytına müsahibəsində Quluzadə Avstriyaya yollanmaq ehtimalına aydınlıq gətirib.

- Avstriyaya yollanmaq imkanın var. "Vakker Vyana"dan təklif nə vaxt gəlib? Avstriyaya yollanmağın nə zaman reallaşa bilər?

Bəli. Bir aya yaxındır ki, vizadan xəbər gözləyirik. Bu futbolçunun viza alması kimi proses deyil. Oturum icazəsi almaq lazımdır. Klub da lazım olan bütün sənədləri göndərib. İndi səfirlikdən vaxt gözləyirik ki, icazə verilsin və gedim Avstriyaya, işimə başlayım. Əslində, çox gecikmişik. Ümid edirəm ki, bu problem həll olunar və vizanı alıb gedərəm Avstriyaya yollanaram.

- Avstriyada futbolçu kimi də oynamısan və oranın futbolunu aşağı-yuxarı bələdsən. Yəqin ki, bu ölkədə çalışmaq sənə çətinlik yaratmayacaq?

- Doğrudur, Avstriyada oynamışam, oranın futbol ab-havasını bilirəm. Mənim üçün də yaxşı şansdır. Orada özümü necə göstərməyimdən çox şey asılıdır. Bu mənada, həqiqətən də həyəcanlıyam. Sənədlər düzəlsə, gedə bilsəm, əlimdən gələni edəcəm ki, hər şey yaxşı olsun. Məşqçi kimi özümü böyütmək baxımından da mənim üçün böyük fürsətdir. Allah qoysa, alınar, ora gedərəm. Təcrübə baxımından super şansdır. Xeyirlisi.

- Dillə bağlı problemin yoxdurki? Hər halda, legioner həyatı yaşamısan, azərbaycanlı və xarici, avstriyalı futbolçular arasında fərq çoxdur?

Alman dilini bilməsəm də, ingilis dilini yaxşı bilirəm. Avstriyada yaşayanların əksəriyyəti də ingilis dilində danışırlar. Hansısa problem olmayacaq. Onların yaşayış tərzinə də bələdəm. Bizdə necə mentalitet varsa, onların da özlərinə uyğun həyat tərzi var və ona bələdəm. Ona görə çətinlik olacağını düşünmürəm. 

- Məşqçilik karyerana "Füzuli"də başlamısan. Oradakı işinə davam etməməyin nə ilə bağlı idi? "Füzuili"də çalışmaq məşqçilik karyerana nəsə qazandırdı?

Məşqçilik karyerama orada başlamağım da yaxşı təcrübə idi. Ən azından mənim üçün ilk iş yeri idi. Məşqçi kimi nə edə bilərəm, futbolçularla davranış, istədiyim oyun şəklini ərsəyə gətirmək, idarəetmə, hamısı önəmli məsələlərdir. Bunların öhdəsindən pis gəlmədim. "Füzuli" mənim dövrümdə ən yaxşı komandalardan, ən yaxşı oynayanlardan biri idi. Təsadüfi deyildi ki, cəmi bir dəfə uduzmuşduq. "Füzuli"dən ayrılmağımla bağlı bir şey demək istəmirəm. Doğma komandamdır, mən də Füzuli rayonundanam. Onlara uğurlar arzulayıram. Ən yaxşısı nədirsə, o da olsun. Başda Rauf müəllim olmaqla, "Füzuli" rəhbərliyi ilə çox yaxşı əlaqələrim var. Allah qoysa, onlar da istədikləri nəticələri qazanarlar. 

- Hazırda gənc məşqçilərə tələbat daha çoxdur. Üstəlik, futbolçu karyerası zəngin olmayanlar da var. Avstriyaya yollanası olsan, özünü neçə ildən sonra yüksək liqada görürsən? Məşqçi kimi məqsəd, hədəflər nədən ibarətdir?

Bununla bağlı çox da fikirkəşməmişəm. İlk hədəfim odur ki, özümü yaxşı tərəfdən göstərə bilim və getdiyim yerdə uğurlu nəticələr qazanıb komandaya, özümə, digər komandaların da diqqətini çəkim. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bu uzun prosesdir. Azərbaycanda qısamüddətli işləmiş məşqçi kimi xaricə yollanmaq o qədər də asan məsələ deyil. "Vakker Vyana"nın rəhbərliyinə təşəkkür edirəm ki, mənə inanıblar. Onlarla bir neçə saat oturub söhbət etdik, mənim futbol düşüncələrimə inandılar, komandaya dəvət etdilər.

Mirbağırağa

Xəbər xətti