Bitmiş Benzianı futbola qaytaran səbəb(kar) QEYD

11:39 - 13 Mart 2024

Adama Diakabi, Redon Cica və Yassin Benzianın "Qarabağ"a gəlişi təxminən eyni ərəfəyə təsadüf etmişdi. Maraqlıdır ki, ilkin təəssüratlara əsasən, Diakabi və Cicanın "Qarabağ"a uyğunlaşacağı daha real görünürdü, nəinki Benzianın. Çünki Yassin ilk vaxtlarda çox ləng, ağır, futboldan doymuş adam təsiri bağışlayırdı. Onun yeganə üstün tərəfi zaman-zaman sərgilədiyi hərəkətlərlə ustalıq səviyyəsinə malik olduğunu göstərməsi idi. 

Müasir futbolda isə tək ustalıq səviyyəsi hesabına oynamaq mümkün deyil. Futbolun tələbləri o qədər dəyişib və çətinləşib ki, ustalıqla yanaşı, mental və fiziki hazırlıq da həmişə üst səviyyədə olmalıdır. Futbol ictimaiyyəti arasında belə bir deyim var ki, əgər Qurban Qurbanovun yanında hər hansı futbolçu artıra bilmirsə, demək problem ondadır. Çünki bu illər ərzində "Qarabağ"a gəlib bir üst səviyyəyə qalxan xeyli sayda futbolçu görmüşük. 

Hadisələrin gedişatı göstərdi ki, Benzia da Qurban Qurbanovu dinləyən, ondan bəhrələnən futbolçulardan oldu. "Qarabağ"a gələnə qədər futbolu bitmiş hala gələn Benzia indi oyunuyla göz oxşayır. 30 yaşlı futbolçu ortaya elə bir performans qoymağa başlayıb ki, sanki ikinci gəncliyini yaşayır. 

Onun "Bayer"in qapısına vurduğu qolu bütün dünya izlədi. Adı Avropanın aparıcı media resurslarında çəkildi. Həqiqətən də haradan hara... Axı onun yenidən yaxşı futbol oynaması üçün ciddi səbəb var idi, daha doğrusu səbəbkar - Qurban Qurbanov!

Təəssüf ki, eyni sözləri Diakabi və Cica haqqında deyə bilmirik. Bir ildən artıq vaxt keçsə də, onlardan heç biri "Qarabağ"a uyğunlaşa bilməyib. Belə görünür ki, Benzia üçün yetərli olan səbəb Diakabi və Cica üçün keçərli olmadı. 

Həmid

Xəbər xətti