"Braqa" ilə səfər oyununun ən yaxşılarından olan, dubl edən Zubir "Bayer"lə Bakıdakı matçda "Qarabağ"ın ən zəif bəndi kimi göründü. Qurban Qurbanovun əlində olan ən kreativ fiquru elə zərərsizləşdirdilər ki, varlığı belə hiss olunmadı.
Zubirin öz oyununu göstərə bilməməsi bir tərəfə qalsın, adam durduq yerdə "Qarabağ"ın qapısına qol gətirdi. Geriyə ötürmə verərkən topu Virtzə verdi, o da bu hədiyyəni rahatlıqla qola çevirdi. Təxminən buna bənzər bir epizod birinci hissədə də yaşanmışdı. İlk hissədə Zubirin səhvindən sonra təhlükə sovuşsa da, onun ikinci səhvini bağışlamadılar. Səhv olur, futbol həm də səhvlər oyunudur. Lakin əgər səhvlər təkrarlanırsa, bu, problemdir.
"Qarabağ"ı səfərdə "Bayer"lə tarixi, çətin matç gözləyir. Bu gün Zubirin köməyi bəlkə də heç vaxt olmadığı qədər önəmlidir. Məhz onun kimi ustalıq səviyyəsi yüksək olan futbolçular səhnəyə çıxmalı, həm də fərdi keyfiyyəti bacarığı hesabına güclü rəqibə dirəniş göstərməyimizə zəmin yaratmalıdır.
Zubirə həm də mütləq demək lazımdır ki, amanın günüdür, geriyə baxmasın. Nə Bakıda olub-keçənləri düşünsün, nə də meydançada geriyə ötürmə vermək həvəsinə düşsün. Bu gün yalnız irəli baxmaq lazımdır, savaş aparmaq gərəkdir. Zatən şanslar çox cüzidir. Ümidimiz "Qarabağ"ın döyüşkən ruhuna, komandanın başında duran Qurban Qurbanov kimi güclü mütəxəssisə və futbolçuların tapşırıqları düzgün yetirməsinədir. Uğur olsun!
Həmid
saytlarin hazirlanmasi