"Beşiktaş"ın yetirməsi, yığmamızın sabiq üzvü:"Lüksemburqa qarşı matçı unuda bilmirəm" - MÜSAHİBƏ

19:22 - 15 Mart 2024

Vaxtı ilə Azərbaycan yığmasına böyük ümidlərlə cəlb edilmiş Yusuf Oral hazırda Türkiyə üçüncü liqasında “Amasyaspor”un formasını geyinir. “Beşiktaş”ın yetirməsi olan futbolçu Sportal.az saytına açıqlamasında U-19 yığmamıza cəlb edilməsini xatırlayıb. Bununla yanaşı, o, sonradan U-21 və əsas milliyə cəlb edilməməsinin səbəblərindən danışıb.

- "Amasyaspor"da işlərin necə gedir? Bu mövsüm hədəflərin necədir?

"Amasyaspor"da özümü xoşbəxtəm. İlk dövrədə dizimdən zədələndim. Sonradan müalicə edildim. İndi isə özümü daha yaxşı hiss edirəm. Komandama kömək etməyə çalışıram. 

- Azərbaycanda oynamaqla bağlı planın və ya təklifin var?

Düzü, mənə Azərbaycan klubundan təklif gəlməyib. U-19 yığmasında Avropa çempionatının seçmə mərhələsi oyunlarını oynadıqdan sonra da istəyən olmamışdı. Təklif gələrsə, niyə də olmasın? Düşünüb qərarımı verərəm. 

- Vaxtı ilə Azərbaycanın U-19 yığmasında oynamışdın. Maraqlıdır, bu necə gerçəkləşmişdi? Türkiyə yığmasından təklif yox idi deyə, Azərbaycan yığmasında oynadın?

Həmin vaxtlarda "Beşiktaş"la Türkiyə Futbol Federasiyası arasında bir az sıxıntı var idi. Biz lider olsaq da, komandamızdan yığmaya heç kim dəvət edilmirdi. Həmin dönəmdə də, 4-5 futbolçuya "Azərbaycan yığmasında oynamaq variantı haqda düşünərsiniz?" deyə, soruşmuşdular. Bunu iki nəfər qəbul etdik. Biz Azərbaycan yığmasında oynamaq istəyirdik. Təklifi qəbul etdik.

- Türkiyədə Superliqasına yüksəlməyin realdır? Yoxsa, hazırkı karyeranın gedişatından razısan?

Gənc yaşda bir neçə stabil oynadıqca səni izləyirlər. Həmin yerlər üst səviyyələrdir. Təbii ki, mənim də hədəfim var, xəyallarım böyükdür. Bunun arxasınca getməyi planlaşdırıram. Superliqada oynamağın alınıb-alınmayacağını zaman göstərəcək.

- Azərbaycanın U-19 yığmasında birlikdə oynadığın komanda yoldaşlarını, məşqçilərini xatırlayırsan?

Düzünü desəm, çoxunu xatırlayıram. Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığmasını məğlub etmişdik. O matçı heç cürə unuda bilmirəm. Çox yaxşı, maraqlı və unudulmaz görüş idi. Əsl komanda ruhu göstərmişdik. Azərbaycan yığmasından tanıdıqlarımın hamısı çox yaxşı insanlar idi. 

- Səncə, nəyə görə daha sonradan heç Azərbaycanın U-21 yığmasından və ya A millisindən dəvət gəlmədi? Qarşıdakı illərdə mümkün olar?

Bilirsiz, belə olacağı təqdirdə, Türkiyə liqasında legioner sayılacam. Çünki ikinci və üçüncü liqada ancaq yerli pasportla oynamaq mümkündür. Başqa pasportla oynamaq mümkün deyil. Legioner kimi yalnız birinci və Superliqada oynaya bilirsən. Bunlar bir kənara, bəli, heç Azərbaycanın U-21 yığmasından dəvət də gəlməmişdi. Səbəbini isə bilmirəm. 

- Azərbaycan futbolunu, milli komandanı izləyirsən? Sənin üçün diqqətçəkən məqam hansıdır?

"Qarabağ"ın avrokuboklardakı matçlarını izləyirəm. Özü də, böyük həvəslə, həyəcanla baxıram. Orada və Azərbaycan millisində oynayan futbolçuları da yaxşı tanıyıram. Millidə isə Emin Mahmudovu daha çox bəyənirəm. Çox gözəl performans ortaya qoyur.

Mirbağırağa

Xəbər xətti