"Bizim üçün çox vacib qələbə idi. Yaxşı başladıq. İlk qolu vaxtında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Biz və "Səbail" açıq futbol oynadıq. Hər iki komandada yaxşı məqamlar var idi. Bu qələbədən çox razıyam və inanıram ki, bu qələbə bizə əlavə güvən verəcək. Növbəti oyunlarda güvən artacaq. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 27-ci turunun "Səbail"lə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Hücum və müdafiədə problemləriniz görünür. Nə qədər zaman lazımdır ki, istədiyiniz oyunu komandaya aşılayasız?
- Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək.
- "Forza Neftçi" oyunlarınızı boykot edib. Onların stadiona qayıtması üçün nə etməyi düşünürsüz?
- Qələbə qazanıb, qollar vurmağa çalışacağıq ki, gözəl oyun sərgiləyək və azarkeşlər stadiona qayıtsın.
- Azərbaycan futbolu haqqında təəssüratınız dəyişib?
- Təbii haldır ki, indi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan "Qəbələ" göstərdiyi oyun baxımından həmin o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər.
- İlk dövrədə "Səbail"ə 4:2 hesabı ilə qalib gəlmişdiniz və Emin Mahmudov meydanda yox idi. Azarkeşlər "Eminsiz "Neftçi" daha yaxşı görünür" kimi fikirlər də səsləndirirdi. Bu gün də, Emin yox idi və 3:0 qalib gəldiz. Eminsiz "Neftçi"nin daha yaxşı görünməsi fikri ilə razısız?
- Məncə, bu sadəcə təsadüfdür. Eminin ciddi zədəsi var. O, iynə vurduraraq meydana çıxmaq haqda da soruşurdu. Amma biz risk etmədik. Emin bizim kapitanımızdır, vacib futbolçumuzdur. Onun oynaması bizim üçün xoşdur.
- "Spartak"la oyun sizin üçün nə dərəcədə önəmlidir və matçdan gözləntiniz nədir?
- "Spartak" yaxşı rəqibdir. Bu rəqiblə oynamağımız çempionatdakı növbəti matçlar üçün yaxşı hazırlıq olacaq.
- İkinci pillə uğrunda rəqabətin getməsi avrokuboklar mübarizəsinə necə təsir edəcək?
- Premyer Liqada komandalar hansısa yer uğrunda mübarizə aparırsa, demək ki, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır.
- "Neftçi"nin yetirməsi Ağadadaş Salyanski haqda nə düşünürsüz?
- Çox perspektivli oğlandır. Biz də onu əsas heyətə cəlb etmək istiqamətində işlər görürük. Hər şey ondan asılı olacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi