"Bayer" - "Qarabağ" görüşündə yaşananlar tək Azərbaycanın yox, bütün Avropa futbolunun müzakirə mövzusudur. "Qarabağ" möcüzə etməyə yaxın idi, cəsarətli oyunuyla buna haqq edirdi. Amma olmadı. Möcüzəyə dəqiqələr çatmadı, bəxtimiz çatmadı, gücümüz çatmadı...
Gücümüzün çatmamasına səbəb, acı məğlubiyyətin səbəbkarı Elvin Cəfərquliyev oldu. 64-cü dəqiqədə qırmızı vərəqə görən müdafiəçimiz üzündən "Qarabağ" yarım saat azlıqda oynamalı oldu. Qurban Qurbanovun yetirmələri hətta 10 nəfərlə də qol vurmağı bacardılar. Lakin dəqiqələr keçdikcə gücümüzün tükənəcəyi açıq-aşkar hiss olunurdu.
Hesabı qorumaq üçün Qurban Qurbanov taktiki həmlə də etdi. Kevin Medina və Patrik Andradeni meydana buraxmaqla hibrid sxemi işə saldı. "Qarabağ" görüşün sonlarını 5-3-1 sistemi ilə keçirdi. Lakin olmadı, alınmadı. İlk oyunda olduğu kimi yenə Patrik Şik səhnəyə çıxdı və möcüzəyə imkan vermədi.
Görüşün baş hakimi Entoni Teylorun Elvin Cəfərquliyevə göstərdiyi qırmızı vərəqə də ciddi müzakirələrə səbəb olub. Məsələn, Hakimlər Komitəsinin sabiq rəhbəri Xaqani Məmmədov deyib ki, belə epizodda qırmızı vərəqə çox ağır qərar sayılır, sarı vərəqə ilə kifayətlənmək olardı.
Adamı ən çox üzən odur ki, Avropada hakimlərin "Qarabağ"a qarşı sərgilədiyi ikili standartlara dəfələrlə şahidlik etmişik. Eyni epizod "Bayer"in qapısında olsaydı, bəlkə də qırmızı vərəqəsiz keçinəcəkdi hakim. Elvin bunu bilə-bilə hakimin əlinə qırmızı vərəqə üçün əsas vermiş oldu. "Braqa" ilə Bakıdakı oyunda da komandanı pis vəziyyətdə qoymuşdu, yenə eyni səhvi etdi. Axı, həmin epizodda rəqib bərabərlik qolunu vursaydı, tam heyətlə mübarizə aparmaq, vəziyyəti dəyişmək imkanımız olacaqdı. Elvin Cəfərquliyev yersiz müdaxiləsi ilə həmin imkanı "Qarabağ"a tanımadı.
Ədalət naminə onu da demək lazımdır ki, "Qarabağ"ın buralara qədər gəlməsində Elvinin də əməyi az olmayıb. Dünən də yaxşılardan idi, amma təəssüf ki, onun bir səhvi bütün doğruları yedi.
Həmid
saytlarin hazirlanmasi