Azərbaycanda uzun illər legioner həyatı yaşamış, "Bakı"nın sabiq kapitanı, hazırda “İnter"in(Zapreşiça) futbol akademiyasının direktoru işləyən Ernad Skuliç Sportal.az saytına açıqlama verib. O, "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç barədə danışıb. Masazır təmsilçisinin yeni təyin edilmiş baş məşqçisi ilə futbolçu kimi komanda yoldaşı olmuş Skuliç həmyerlisi haqda xoş fikirlər səsləndirib:
"Renduliçi futbolçu vaxtından çox yaxşı xatırlayıram. Onunla birlikdə "Luçko" klubunda oynamışıq, komanda yoldaşı olmuşuq. Çox yaxşı da müdafiəçi idi. O vaxtdan da çox peşəkar, intizamlı idi. Baş məşqçi kimi də intizamlı biridir. Çox detallı şəkildə işləyir. İnanıram ki, "Sabah"da hər şey istədiyi kimi alınacaq. Bütün məşqçilər hücum futbolunu sevirlər. Renduliç də həmçinin. Amma burada əsas məsələ, heyətdəki futbolçuların onun istədiyi oyunu qurmağa imkan verməsidir. Ona yeni komandasında uğurlar arzu edirəm. Ümid edirəm ki, hər şey istədiyi kimi alınacaq".
Skuliçin fikrincə, "Sabah" Krunoslava vaxt verməlidir: "Hər məşqçi üçün zaman lazımdır. Dünyanın istənilən yerində belədir. Məşqçiyə zaman vermək lazımdır. Əgər baş məşqçiyə zaman verilsə, güvən hiss edərsə, nəticə gələcək. Uğurlu ola bilər. Azərbaycan futbolunu da tanıması üçün zamana ehtiyac var. Minimum 6 ay, bir ilə ehtiyac var. Ki, baş məşqçi öz komandasını yaratsın, sistemini qursun. İstənilən halda, "Kruno" Azərbaycana yollanmaqla doğru addım atdı. Bildiyim qədərilə, Xorvatiyadan da təklifləri olmuşdu. Lakin Azərbaycana yollanmaq qərarı verdi. Doğru da etdi. Ümidvaram ki, hər şey yaxşı alınacaq və “Sabah”da ona uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi