Arif Əsədov: "Çalışacam göstərək ki, bizim də yaxşı yerli məşqçilərimiz var"

16:47 - 24 Mart 2024

"Sabahkı oyunda bizi ciddi rəqib gözləyir. Maraqlı oyun olacaq. Deyərdim ki, bu rəqib hardasa Millətlər Liqasında olanlara bərabərdir. Yaxşı sınaq olacaq. Sabahkı oyunda həm oyun planında, həm heyətdə bəzi dəyişikliklər olacaq. Komandada atmosfer yaxşıdır. Çalışacağıq ki, yenə də sabah yaxşı oynayıb, qalib gələk. Rəqibi analiz etmişik. Futbolçulara rəqibin güclü-zəif tərəflərini başa saldıq. Monqolustanla oyunla indiki arasında fərq olacaq. Biz də taktiki sxemdə dəyişiklik edəcəyik. Monqolustanı ən çox birinci zonada qarşılayırdıq. Bolqarıstanla matçda oyunumuzu ikinci zonada quracağıq. Biz də çalışacağıq ki, öz oyunumuzu göstərək. Müsbət emosiyalarımız var. 18-dən bu yana futbolçularla birlikdəyik. Futbol fəlsəfəmi qısa müddətdə oyunçulara çatdırmağa çalışmışam. Düşünürəm ki, əgər alınsa, istədiyimizi edə biləcəyik".

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının müvəqqəti təyin edilmiş baş məşqçisi Arif Əsədov deyib.

O, "FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 25-də, saat 20:00-da Bolqarıstan millisinə qarşı keçiriləcək oyundan öncə keçirilmiş mətbuat konfransında deyib. 

- Millidəkilər 25-28 yaşlı oyunçulardır, amma Monqolustanla matçda qapıya düşə bilmirdilər...

Belə yanaşmağımızı istəməzdim. Bu tək bizim futbolçulara aid deyil. Tanınmış oyunçularda da belə olur. Futbolçular hər epizoddan sonra heyfslənirdilər. Onlar da çox istəyirdilər. Sadəcə alınmırdı. Komandada inam var idi ki, qol vuracağıq.

- Sizcə, sabah A millidə baş məşqçi kimi son matçınızdır?

Bu cür suallar çox verilir. Mən o barədə düşünmürəm. Millidəyəmsə, mən öz işimi görürəm və ona uyğun təcrübəmdən istifadə edirəm. Bu oyunlarda yaxşı nəticə əldə etmək istəyirəm. Mənim üçün vacib olan odur ki, yerli məşqçiləri təmsil edirəm. Çalışacam uğurlu nəticə olsun ki, kim gələcəksə görsün ki, bizim də yaxşı yerli məşqçilərimiz var.

- Sabah Rza Cəfərov qapıda olacaq, yoxsa Şahruddin Məhəmmədəliyev?

Sabahkı matçda Şahruddini düşünürük. Rəqib də başqa səviyyədədir. Rzadan istifadə etdik ki, gənc oyunçu qazanaq. Düşündüm ki, Monqolustanla matçda təzyiq olmayacaq və o, daha rahat olacaq. Yusif İmanovdan Avstirya, İsveçlə görüşlərdə istifadə etdik. Orada ab-hava başqa idi. Rzanın işi az oldu, amma millinin ab-havasını gördü.

Mirbağırağa

Xəbər xətti