Azərbaycanlı gənc futbol məşqçisi Amit Quluzadənin viza verilmədiyi üçün Avstriyaya yollana bilməməsi haqda xəbər vermişdik. "Vakker Vyana" rəhbərliyi onu baş məşqçi postuna təyin etmək istəsə də, sənəd məsələlərinə görə bu baş verməyib.
Məsələ ilə Sportal.az saytına danışan gənc mütəxəssis təyinatın baş tutmamasını bu cür şərh edib:
"Söhbət keçən ayın ortalarından başlamışdı. Klub maraqlanmağa başlayanda, 10 gün söhbətimiz oldu. Onlar nə istəyirlər, mənim düşüncələrim nələrdir, məşq prosesi filan, bunlar haqda iki həftəyə yaxın danışdıq, götür-qoy etdik. Sonda razılıq əldə olundu. Sözü düzü, ilkin mərhələdə 2,5 illik müqavilə imzalanacaqdı. Hər şey də razılaşdırılmışdı. Rəsmi təklif həm mənə, həm səfirliyə göndərilmişdi. Təəssüflər olsun ki, viza məsələsinə görə keçid baş tutmadı. Özümü çox pis hiss etdim. Amma nə etmək olar? Həyatda hər şey olur. Halbuki, klub səfirlyə işçi vizası üçün bütün sənədləri göndərdi ki, məsələ tez bir zamanda həll olunsun. Çünki onsuza gecikmişdik. Bilmirdim ki, bu qədər vaxt aparacaq. Düzəlməmək ehtimalını heç ağlıma gətirmirdim. Mən özüm də 4 dəfə səfirlikdə oldum. Səfirlik bildirir ki, klubun göndərdiyi həm dəvətnamə, həm də müqaviləyə əsasən müddət bir ildən çoxdur. Buna görə də, mənə normal yox, oturum vizası verilməlidir. Bu proses də ən azı 2-3 ay çəkir. Biz də bildirdik ki, hörmətlə yanaşırıq, başa düşürük ki, prosedur belədir. Amma futbolda 2-3 ay böyük vaxtdır. Çünki bu müddətə orada liqanın bitməsinə artıq 4-5 tur qalacaq. Bu qədər vaxtı gözləyə bilməyəcəyimi bildirdik. Onlar da kömək olacaqlarını dedilər. Yalan olmasın, səfirliyin əməkdaşları ilə telefonda 30-40 dəfə danışmışam. Gözləməyi məsləhət bildilər. Lakin heç nə olmadı".
Quluzadə, Avstriya klubunun artıq yeni mütəxəssislə anlaşdığını da söyləyib: "Bəli, "Vakker Vyana" artıq məcburiyyətdən başqa məşqçi dəvət etdilər. Məncə, səfirlik köməklik göstərilə bilərdi. Viza məsələsini tez həll etmək mümkün idi. Hər halda, azərbaycanlı məşqçi Avropada çalışacaqdı. "Vakker Vyana" zəif klub deyildi. Vaxtı ilə Avstriya çempionu olub, kuboku qazanıb. Düzdür, indi aşağı liqada oynayırlar. Lakin hədəfləri var idi, yenidən nələrsə etmək istəyirdilər. Təəssüf ki, getməyim alınmadı.
Bundan sonra belə şans olar? Bilmirəm, amma çox təəssüfləndim. Mənim üçün əla fürsət idi. Özü də, tam da başlamaq istədiyim yer idi. Aşağı liqadan klubu yuxarıya daşımaq kimi planım var. Yəni, özümü belə göstərmək niyyətindəydim. Təəssüf olsun ki, başımıza belə bir şey gəldi. Nə etmək olar? Bununla barışmağa məcburam".
Mirbağırağa
saytlarin hazirlanmasi