Premyer Liqamızda çıxış edən portuqaliyalı: "Azərbaycan çempionatının zəif olduğunu düşünmürəm" - MÜSAHİBƏ

16:19 - 3 Aprel 2024

"Kəpəz"in qapıçısı İqor Rodriqes Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"la son matçda böyük hesabla uduzdunuz. Səncə niyə hesab belə oldu? 

- Fikrimcə, ikinci qolu buraxdığımız andan sonra lazımi idrak edə bilmədik. "Qarabağ"ın da oyununun daha böyüməsinə imkan verdik. Rəqibin qarşısını ala bilmədik. Sonda da belə nəticə qeydə alındı.

- Birinci hissədə yaxşı mübarizə apardınız, amma ikinci hissədə yaxşı mübarizə aparmaq alınmadı. Bunu da buraxılan ikinci qolla əlaqələndirirsən?

- Bəli, bayaq dediyim kimi, “Qarabağ” ikinci qolu vuran andan sonra sanki yerimizi tapa bilmədik. Təəssüf ki, həmin ikinci qol erkən, ikinci hissənin əvvəlində alındı. Sonra oyunun bütün ikinci yarısında bizə təsirini göstərdi.

- "Qarabağ"ın qarşısını almaq çox çətindir?

-  "Qarabağ” gözlədiyimiz kimi idi. Biz əla komandadan söhbət edirik. Onların sahib olduğu səviyyəyə qarşı oynamaq çətindir.

- "Qarabağ" mövsümün sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Bu haqda fikrin necədir? Bir komandanın sona 8 tur qalmış çempion olması, həmin liqanın zəif olduğunu göstərir?

- Yox, mən Azərbaycan Premyer Liqasının zəif olduğunu düşünmürəm. Buna sübut digər komandalar arasında mövcud olan kiçik xal fərqidir. Lakin “Qarabağ” açıq-aşkar seçilən, avrokuboklarda da fərqlənən komandadır. Hansı ki, orada çox yaxşı nəticələr əldə etdi, tarixi nəticələr göstərdi. Hər halda, onlar lazımi keyfiyyətə, şəraitə malikdir və çempionatdakı digər komandalardan səviyyəcə üstündür.

- "Qarabağ" barədə ümumi fikrin necədir? Onlar uzun illərdir ki, Azərbaycan Premyer Liqasında hegemonluq edir, avrokuboklarda da uğurludurular. Bu cür komandada oynamaq istəyərdin?

- "Kəpəz"i təmsil etdiyim və burada oynadığım üçün çox qürur duyuram. Hazırda yeganə məqsədim klubun məqsədlərini təmin etməkdir.

- Yəqin ki, "Kəpəz"in Premyer Liqada qalacağına şübhən yoxdur? Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaqsız. Qalib gələ biləcəksiz?

- Biz hər oyuna hazırlaşırıq ki, meydana çıxıb qələbə qazanaq. Bizim başqa məqsədimiz, amalımız yoxdur. Bəli, Premyer Liqadakı yerimizi qoruyub-saxlayacağımıza da çox inanıram. Amma hər şeydən əvvəl onu bilirəm ki, biz bu məqsədə çatmaq və bunu azarkeşlərimizə bəxş etmək üçün çox çalışırıq.

Mirbağırağa

Xəbər xətti