"Zirə"ni məğlub edən komandanın baş məşqçisi: "Qələbə bizim haqqımız idi"

15:00 - 4 Aprel 2024

"Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Biz əzmkarlıq nümayiş etdirdik. "Zirə" nə qədər güclü olsa da, yaxşı oynaya bildik. Rəqibin o qədər də çox qol epizodu yox idi. Layiqli qələbə qazandığımızı düşünürəm. Nəticə elə oyuna görə oldu".

Bu sözləri Sportal.az saytına açıqlamasında minifutbol üzrə ölkə çempionatının 1/4 finalında "Zirə"ni məğlub etməklə (2:0) sensasiyaya imza atan "Aznur"un baş məşqçisi Rəcəb Fərəczadə deyib.  

Fərəczadə müntəzəm mövsümdə "Zirə"yə məğlub olduqları oyunla pley-off görüşünü bu cür müqayisə edib. Bununla yanaşı, ilk matçdakı qələbəyə baxmayaraq, cütün taleyini cavab görüşünün həll edəcəyini söyləyib:

"Doğrudur, biz onlara 2:5 məğlub olmuşduq. Həm o oyunda, həm də digər görüşlərdə müdafiə xəttində səhvlərə yol verirdik. Düzü, mən müdafiədə aldatmağın əleyhinəyəm. Daha çox ötürmələrlə müdafiədən çıxmaq lazımdır. Mövsümün ilk yarısında məğlub olduğumuz oyundan fərqli olaraq, bu dəfə "Zirə" ilə görüşdə uşaqlar tapşırıqları düzgün yerinə yetirdilər, vuruşdular. "Zirə" ilə görüşdə qələbə komandanın haqqı idi. Düşünürəm ki, mən olmasaydım da, “Zirə”ni udacağdıq. Ancaq hələ necə olacağı bilinmir. Çünki qarşıda cavab görüşü var. Cavab görüşündə hər şey sıfırdan başlayacaq. Həmin matça da çox ciddi hazırlaşmalıyıq. Çempionat başlayanda demişdim ki, “Zirə” və “Birbaşa Bakı”nı çıxmaqla qalan 14 komanda arasında ciddi fərq yoxdur".

Uzun illər futzaldakı çıxışları ilə tanınan Rəcəb Fərədzadə futzalda yox, minifutbolda çalışmasına belə aydınlıq gətirib: "İdmandan kənar başqa işim var. Düzü, burda da işləmək istəmirdim. Amma klubun sponsoru dostumdur, "Aznur"un baş məşqçisi olmağımı istədi. Artıq 5 ildir ki, burdayam".

Mirbağırağa

Xəbər xətti