Futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına müsahibə verib:
- "Neftçi" "Qarabağ"a 0:4 hesabı ilə uduzdu. Halbuki, hesab daha da böyük ola bilərdi. Sizcə, niyə belə hesab qeydə alındı?
- Səbəbi çox açıqdır. "Qarabağ"ın futbolçularının keyfiyyəti və təcrübəsi "Neftçi"nin oyunçularından daha üstündür. Başqa səbəb axtarmaq sadəlövhlük olardı. "Qarabağ" Avropanın nəhəng klublarına qarşı oynayarkən belə qol imkanları yaradır. "Neftçi"nin hücumçusu gəlib cərimə meydançasında əllə oynayır. Çox ucuz penalti idi. Belə oyunçular belə səhvlər etməməlidir. Canlı səddə dayanıb qorxudan əlini açıb topa vurur. Belə səhvlərdən sonra "Qarabağ" kimi komanda ilə oyunu qalib bitirmək imkansızdır.
- Ümumiyyətlə, son vaxtlarda "Neftçi" "Qarabağ"la matçlarda qələbə qazana bilmir. "Neftçi"nin "Qarabağ"la bacara bilməməsini nə ilə əlaqələndirirsiniz?
- "Neftçi"nin "Qarabağ" qarşısında şansı çox azdır. Çempionatda qələbə qazana bilərdilər. "Qarabağ" Avropa Liqasında oynadığı vaxtda "Neftçi", "Sabah", "Zirə" də bu komandaya qalib gələ bilər. "Neftçi" həmin periodda da "Qarabağ"ı məğlub edə bilmədi. Bunun səbəbi oyunçuların keyfiyyəti ilə bağlıdır. Məşqçilik amil olduğunu düşünmürəm.
- "Neftçi"nin "Qarabağ"a qarşı seçdiyi oyun sistemi doğru idi? Daha fərqli oynamaq mümkündür "Qarabağ"a qarşı? Miodraq Bojoviçin burada günahı nə qədərdir?
- Sistem, strategiya məsələsi deyil. Keyfiyyətə aşağı olan futbolçularla ikinci nömrə kimi oynamalısan. Rəqibi çox öndə sıxa, dominantlıq edə bilmirsən. Məcbursan ki, müdafiədə daha kompakt olasan. "Neftçi"nin əsas məqsədi əks-hücumlarda uğur qazanmaq idi. Bütün dünya "Barselona", "Mançester Siti", "Liverpul"un hansı sistemlə oynadığını bilir. Kağız üzərində nəzəri olaraq istənilən komandaya qarşı oynamaq olar. Amma oyunçular meydançada bunun öhdəsindən gələ bilmirsə, sənin strategiyan heç nəyə yaramır. İşin özəyində duran amil futbolçuların keyfiyyətidir. Yaxşı oyunçu seçmək lazımdır. Buna görə "Neftçi" "Qarabağ"a uduzur. Doğru sistem seçmədiyinə görə baş məşqçini günahlandıra bilmirəm.
- Qarşıda "Qarabağ"la "Neftçi" arasında cavab görüşü var. Yəqin ki, "Neftçi"nin möcüzə etməsi real deyil?
- Nəzəri baxımdan mümkündür. Amma 4 top fərqli geriliyi aradan qaldırmaq praktikada əlçatmaz kimi görünür. "Qarabağ" gərək əvəzedici heyəti meydana buraxsın ki, "Neftçi" 4:0 hesablı qələbə qazansın. "Ağ-qara"ların ümumiyyətlə qalib gəlməsi belə çox çətin görünür.
- "Neftçi" ən yaxşı halda, mövsümü ikinci pillədə başa vurarsa, uğur sayılacaq? Bu baş verməsə, avrokuboklardan uzaq qalsalar, buna nə ad vermək olar?
- Əlbəttə sayıla bilər. Mövsümün əvvəlində qarşılarına hansı məqsədin qoyulduğunu bilmirəm. Mövsüm başlayanda "Neftçi"nin çempion ola bilməyəcəyi açıq-aşkar görünürdü. Çempionat başlayanda "Neftçi" azarkeşləri bu sözlərimi neqativ qarşıladılar. Mövsüm başlayanda "Qarabağ"ın əlçatmaz olacağı sezilirdi. Ağdam təmsilçisi avrokuboklarda çıxış edən vaxtda digər komandalar onlara qalib gələ bilərdi. Amma "Qarabağ" sezonun bitməsinə 8 tur qalmış çempionluğunu elan etdi. Bütün bunların fonunda "Neftçi"nin 2-ci yeri tutmasını uğur saymaq olar. Hərçənd ki, onların hədəfi kuboku qazanmaq idi. Amma ilk oyundan sonra bu şansları puç oldu.
Elçin Əlixan
saytlarin hazirlanmasi