Azərbaycanda işləyən "Anderlext"in sabiq futbolçusu: "Neftçi"də çalışa bilərdim, amma alınmadı" - MÜSAHİBƏ

13:17 - 5 Aprel 2024

Minifutbol üzrə Azərbaycan çempionu “Birbaşa Bakı”nın baş məşqçisi Dan-Marius Mitu Sportal.az saytına müsahibə verib. Vaxtı ilə “Styaua”, “Lyers”, “Anderlext”, “Metallurq”(Donetks) kimi klublarda oynamış rumıniyalı artıq iki ildir ki, “Birbaşa Bakı”nın baş məşqçisidir. O, minifutbol çempionatındakı rəqabətdən və Azərbaycanda böyük futbolda çalışmaq ehtimalından söhbət açıb.

- “İnter”ə 4:1 hesabı ilə qalib gəldiniz. Görüşü necə dəyərləndirərdiniz?

Əslində, nəticə bundan çox-çox yaxşı ola bilərdi. Qələbə qazandığımıza görə razıyam. Amma nəticədən heç də razı qalmadım. 

- Hər halda, bu üstünlük növbəti mərhələyə çıxmağınıza bəs edəcək?

- Xeyr, heç cürə bizə bəs deyil. Çünki rəqibimiz təcrübəli oyunçuları olan yaxşı komandadır. Necə oynamaq lazım olduğunu bilirlər. Qarşıdakı oyunda hər şey əksinə dönə bilər. Biz sona qədər mübarizə aparacağıq. 

- Narazı qaldığınız məqam nədir?

Ən böyük narazı olduğum məsələ odur ki, şanslarımızdan istifadə edə bilmədik. Hesab ən azından 10:1 ola bilərdi. Kifayət qədər hərəkət etmədik, öz keyfiyyətimizə uyğun kifayət qədər topu çevirmədik. Narazı qaldığım məqamlar bunlardır. 

- "İnter"in Azərbaycan mililisinin sabiq futbolçularından yığılmış komanda olduğunu bilirsiniz?

Bəli, bəli, mən bunu bilirəm. Elə ona görə deyirəm ki, onlar gələcək oyun hər şeyi tərsinə çevirə biləcək qabiliyyətdədir. Bu mənada, 4:1 hesabı kifayət qədər də yaxşı nəticə deyil. 

- Bəs, bu mövsüm 15 oyunun hamısında maksimum nəticə göstərmiş “Zirə”nin pley-off mərhələsində “Aznur”a 0:2 uduzması sizin üçün gözlənilməz oldu?

Məncə, bu hamı üçün sürpriz nəticə idi. Komandama demişəm ki, bundan sonra hər şey fərqli və çətin olacaq. Bütün nəticələrin olması mümkündür. 

- Bəs, “Zirə”nin uduzmasını arzulayırsız? Hər halda, çempionluğa əsas favorit komandalardan biridir... 

Mən sadəcə öz oyunumuzu fikirləşirəm ki, biz qələbələr qazanmalıyıq.

- Müntəzəm mövsümün gedişində "Zirə"yə məğlub olmuşdunuz. Finala çıxası olsanız, onlardan revanş almaq istəyərdiz?

Bütün bunları gələcəkdə görəcəyik. İndidən heç nə deyə bilmərəm. Çünki biz sadəcə birinci oyunu udmuşuq. İkinci görüşdə nələr olacağını heç kim deyə bilməz. Bu haqda indidən danışmaq doğru deyil. Finala qədər çox yol var.

- "Anderlext”in sabiq futbolçusu olmusuz, böyük futbol oynamısınız. Azərbaycanda isə minifutbolda işləyirsiniz. Gələcəkdə Azərbaycanda böyük futbolda işləmək planınız və ya şansınız var?

Bu barədə bir söz deyə bilmərəm. Düzü, Azərbaycanda böyük futbolda işləmək şansım olub. Ancaq alınmadı. İstəyərdim ki, nə vaxtsa böyük futbolda işləyim. Mənim üçün maraqlıdır.

- Yəqin ki, "Neftçi" idi?

Bəli. 

- Niyə alınmadı?

Özüm də bilmirəm. Amma belə söz-söhbət olmuşdu.

Mirbağırağa
 

Xəbər xətti