"Azərbaycan millisi də Gürcüstan kimi Avropa çempionatına vəsqə qazana bilər, inanmaq lazımdır" - MÜSAHİBƏ

12:48 - 6 Aprel 2024

Ötən mövsüm “Turan Tovuz”un aparıcı üzvü olan, bu mövsümün gedişində isə zədələnərək uzun müddətdə sıradan çıxan Piruzi Marakvelidze hazırda Gürcüstanda bərpa prosesini keçməkdədir. Sportal.az saytına müsahibə verən yarımmüdafiəçi hazırkı durumundan və “Turan Tovuz”un matçlarını daim izləməsindən danışıb.

- Uzun müddətdir ki, zədə səbəbindən oynamırsan. Hazırda vəziyyətin necədir? 

- Həqiqətən də, mənim üçün ağır vaxtlar idi. Amma bütün çətinliyə baxmayaraq pozitiv olmağa çalışıram. Düşünürəm ki, tezliklə meydanlara qayıdaraq, komandama kömək edəcəm.

- Azərbaycana nə vaxt qayıtmağı planlaşdırırsan? Yəqin ki, məşqçilər korpusu və oyunçularla danışırsan?

- Əlbəttə, daim komanda üzvləri, məşqçilərlə ünsiyyətdəyik. Tez-tez danışırıq, vəziyyətlə bağlı danışırıq. Fikrimcə, tezliklə komandanın düşərgəsinə qayıtmalıyam. 

- "Turan Tovuz"un bu mövsümkü performansını necə dəyərləndirirsən? Səncə, daha yuxarı pillələrdə ola bilərdiz, yoxsa maksimum gücünüz buna imkan verir?

- Məncə, daha çoxunu edə bilərik. Bəzən oyunlarda şanssızlıqlar da yaşadıq. Fikrimcə, mənim zədəm olmasaydı, komandaya köməyim dəyərdi.

- "Turan Tovuz"la müqavilən mövsümün sonunda başa çatacaq. Nəzərə alsaq ki, bu mövsüm çox oynamadın, səncə, klub sənə müqavilə müddətini artırmağı təklif edəcək?

- Bu haqda hələ danışmamışıq. Çünki mövsüm davam edir, komanda da mübarizənin içərisindədir. Mövsümün sonunda necə olacağını görəcəyik. İndi isə mən tez bir zamanda komandanın düşərgəsinə qayıdacağım anı gözləyirdim. 

- Yeri gəlmişkən, Gürcüstan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Pley-off mərhələsinin Yunanıstanla final görüşündə Boris Payçadze stadionunda idin? 

- Bəli, bəli stadionda idim. Yunanıstanla görüşü izlədim və görünməmiş həzz aldım. Bu, Gürcüstan üçün yazılmış yeni tarix idi. İnanılmaz idi, həmin anları sözlə ifadə etmək mümkün deyil.

- Səncə, Gürcüstan Avropa çempionatında uğurlu çıxış edə biləcək? F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə mübarizə aparacaq...

- Doğrudur, qrupda çox çətin komandalarla qarşılaşacaq. Amma Gürcüstan final mərhələsinə vəsiqə qazanmaqla da öz gücünü göstərdi. Bizim güclü millimiz var. Fikrimcə, nə qədər çətin olsa belə, qrupdan çıxmaq şansımız var.

- Hər zaman Azərbaycan və Gürcüstan futbolu Azərbaycanda müqayisə edilir. Azərbaycan və Gürcüstan futbolu, milliləri arasında hansı fərqləri görürsən? Səncə, Azərbaycan da Gürcüstan millisinin nəticəsini təkrarlaya bilər?

- Bəli, Azərbaycan millisi də Gürcüstan kimi Avropa çempionatına vəsiqə qazana bilər. Bunun üçün isə futbolçulara sonuna qədər inanmalıdır. Belədə, istənilən nəticə də gələcək. Gürcüstanda bu cür oldu. Hamı milliyə inandı və sonda bu cür unudulmaz nəticə qazandıq.

- Səncə, "Turan Tovuz"da bu mövsüm bütün oyunları oynasaydın, Gürcüstan millisinə dəvət edilmək şansın yaranacaqdı?

- Düşünürəm ki, maksimum qabiliyyətlərimi ortaya qoysaydım, milliyə çağırılmağa və arzumu reallaşdırmağa layiq olardım. Hər şey mümkündür. Mənd ə Gürcüstan millisində oynamaq istəyirəm. İnanıram ki, gələcəkdə bu istəyimi də reallaşdırmaq imkanım olacaq.

Mirbağırağa

Xəbər xətti