Təəccüb, təəssüf... - Emin Mahmudov əvəzlənmək istəmirdi 

22:52 - 7 Aprel 2024

"Neftçi" obrazlı desək, ağır xəstəliyə düçar olmuş adama bənzəyir. Daha çox xərçəngə oxşayır. Amma şişin xoşxassəli, yoxsa bədxassəli olmağını müəyyənləşdirmək çətindir. Yəqin ki, müalicəsi mümkündür. Amma xəstənin yaxınları yaxşı cərrah tapa bilmirlər ki, düz-əməlli əməliyyat olunub ayağa qalxa bilsin bu naxoş adam... 

Bu gün də xal itirdilər. Ötən tur min bir əziyyətlə "Qəbələ"ni məğlub edə bilmişdilərsə, bu dəfə "Sumqayıt"la heç-heçəyə razılaşmalı oldular. Mutu gedib, Bojoviç gəlib, amma "Neftçi" yenə o deyil. Əzəmətli təsir bağışlamırlar, sıradan komandaya bənzəyirlər. 

"Sumqayıt"a qarşı keçirilən oyunun diqqətçəkən hadisələrindən biri də Emin Mahmudovun əvəzləndiyi an olub. Tabloda nömrəsini görən kapitan əllərini qaldıraraq niyə əvəzləndiyini anlamadığını göstərib.

Həmin anda Mahmudovun baxışlarında təəccüb, təəssüf, nə desən görmək olardı. Deyəsən, Miodraq Bojoviçin nə etmək istədiyini o da anlaya bilmir, ya da qəbul etmək istəmir. Belə baxanda, "Neftçi"də kiminsə yaxşı mənada fərqləndiyini demək çətin idi, amma kapitanın zəif bənd olmadığı da vurğulanmalıdır. Yeri gəlmişkən, yeganə qolun müəllifi də Emin Mahmudov oldu. 

Belə görünür ki, Bojoviç də "Neftçi"də çox qalmayacaq. Ölkə kuboku böyük ölçüdə əldən çıxıb, bu gedişlə ikinci pilləni tutmaq da çətin olacaq. Gedişat onu göstərir ki,  "Neffçi"nin xəstəliyinə bu "cərrah" da əlac tapa bilməyəcək. 

Həmid

Xəbər xətti