İkinci pilləni ələ keçirən "Zirə" - Rəşad Sadıqovun komandası qələbələri sıralayır

11:47 - 10 Aprel 2024

10 oyunluq qələbəsizlik seriyası yaşayan "Zirə" nəinki qara zolaqdan çıxmağı bacarıb, artıq Premyer Liqada ikinci pilləni ələ keçirib. Kubok matçını da saysaq, Rəşad Sadıqovun komandası ardıcıl 4 qələbə qazanıb. 

"Zirə" ilə bağlı məsələnin ən önəmli tərəfi yalnız qələbələrin qazanılması yox, həm də baxımlı oyunla əldə olunmasıdır. Zədəlilərin sıraya qayıtması, Utziqin yaxşı fiziki forma yığması, Ceyhun Nuriyevin uyğunlaşması komandanın oyununa müsbət təsir eləyən faktorlardandı.

Adətən baxımlı, rəngarəng oynamadığı üçün qınanan "Zirə" axır vaxtlar fərqli tərz sərgiləməyə başlayıb. Çoxgedişli kombinasiyalar, baxımlı hücumlar quran komanda gözə xoş gələn futbol oynayır. 

Premyer Liqada sona 7 tur qalıb. "Qarabağ" çempionluğu rəsmiləşdirsə də, digər mükafatçılar və avrokuboklara gedəcək komandalarla bağlı məsələ açıq qalır. Turnir cədvəlində elə vəziyyət yaranıb ki, hətta 7-ci pillədə qərarlaşan "Səbail" də avrokuboklarda iştirak etmək şansını saxlamaqdadır. 

"Zirə" üçün ikinci pillədəki yerini qorumaq elə də asan olmayacaq. Lakin sərgilənən oyun və heyət genişliyi Rəşad Sadıqovun komandasına bu imkanı verir. Digər tərəfdən də "Zirə" kubokda "Qəbələ"ni mübarizədən kənarlaşdırmaqla, Premyer Liqa yolu ilə avrokuboklara yollanmaq şansını artıracaq. Finalda "Qarabağ"la qarşılaşacaqları təqdirdə kuboku qazanmaları çətin olsa da, çempionatda ikinci yeri tutmaqla Avropa Liqasına yollana biləcəklər. Ən pis halda 3-cü və ya 4-cü yerdən Konfrans Liqasına vəsiqə qazanmaları da kifayət qədər realdır. 

Həmid
 

Xəbər xətti