"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına açıqlama verib. O, Naxçıvan klubuna baş məşqçi təyin olunmasına münasibət bildirib:
"Araz-Naxçıvan" rəhbərliyi komandaya kömək etməyimizi istədi. Çox da düşünməyə ehtiyac qalmadı. Mümkün qədər komandanı toparlamalı və qarşıdakı oyunlarda nəticələri düzəltməliyik. Məşqçi hər zaman yeni çağırışlara hazır olmalıdır. Bizə də təklif gəldi, danışdıq və işə başlamağa razı olduq. Qarşıya qoyulan məqsədə gəlincə, mövsümün sonuna 7 tur qalıb. Əsas məqsəd bu oyunlarda müsbət nəticə qazanmaqdır. Təbii ki, nəticələr qənaətbəxş olarsa, növbəti mövsümdə də işimizi davam etdirəcəyik. Həm də bir növ növbəti mövsüm üçün komanda quracağıq".
Baxşıyev, mövsümə yaxşı başlamış "Araz-Naxçıvan" sonradan enişə keçməsinə isə belə aydınlıq gətirib: "Buna konkret cavab vermək hələ tezdir. Zaman keçdikcə, axsadığımız məqamları, nəticələrin sonradan ürəkaçan olmamasını aydınlaşdıracağıq. Azər Bağırov yaxşı komanda qurub. "Araz-Naxçıvan" normal nəticələr də qazanırdı. Sonradan nəticələrin ürəkaçan olmamasının səbəbini tapmağa çalışacağıq. Amma futbolda belədir də, uğurlu nəticələr kimi, müəyyən eniş də yaşanır".
Bir müddət əvvəl tanınmış klubların birində təcrübə keçmək üçün xaricə yollanacağı gözlənilən Baxşıyev "Araz-Naxçıvan"a baş məşqçi təyin olunduğu üçün həmin səfəri təxirə salmalı olub: "Bəli, təcrübə üçün xarici klubla danışdıq. Lakin son anda alınmadı. Amma gələcəkdə belə fikrim var. Yəqin ki, baş tutacaq və xarici klubun düşərgəsinə təcrübə üçün yollanacam".
saytlarin hazirlanmasi