Türkiyə mətbuatı "Kocaelispor"un azərbaycanlı futbolçusu Ramil Şeydayevin birinci liqanın son matçlarında göstərdiyi çıxışına toxunub.
Sportal.az xəbər verir ki, "Özgür Kocaeli" portalı millimizin hücumçusu haqda müsbət məqamlar qeyd edib və onun transferinin "Kocaelispor" üçün müsbət mənada özünü göstərdiyini yazıb:
"Qış fasiləsində ən çox Şeydayevin adı hallanırdı, daha doğrusu, ən çox ona mənfi reaksiya verilirdi. Sosial şəbəkələrdə Tailand liqasından yeni futbolçunun alınacağı ilə bağlı fırtına qopdu. Onun dəyərinin yüksək olduğu deyilirdi və rəhbərlik isə buna görə tənqid olunurdu.
Onun bir mövsüm yarımlıq maaşının 800-850 min avro olacağı qeyd edilirdi. İlk matçlarında öz imkanlarından aşağı dərəcədə çıxış edəndə tənqidlər daha da artdı. Azərbaycanlı futbolçu “Buriram Yunayted”dən ayrıldıqdan sonra ay yarımlıq fasilə verib, “fizika”da geriləyib. Onun “Kocaelispor”da forma alması bir müddət çəkdi. O, milliyə dəvət alanda özünü tapdı və iki oyun keçirdi. Bundan sonra Şeydayev həm “fizika”, həm də mənəvi cəhətdən yaxşı vəziyyətə gəldi. “Göztəpə” ilə matçda (3:2) oyun zamanı meydana çıxıb və komandasının vurduğu iki qola ciddi töhfə verib.
O, oyunun axarını dəyişənlərdən biri oldu. Şeydayev “Çorum”la qarşılaşmada (1:1) əsas heyətdə yer alıb və çətin səfər oyununda çox canlı və güclü görünürdü. Dünənə kimi Ramil haqqında mənfi fikirlər səsləndirənlərin hamısı “səhv etmişik, yaxşı futbolçudur” deməyə başlayıb. Çoxları onun liqanın qalan matçlarında, xüsusən də pley-off mərhələsində komandanın ən güclü hücum qüvvəsi olacağına inanır. Biz bununla tamamilə razıyıq. Şeydayev rəqiblərindən asanlıqla qaçır və fiziki cəhətdən çox güclüdür. Azərbaycan çempionatının bombardiri olduğu üçün həlledici zərbəni vura biləcəyi də aydındır.
Bildiyimizə görə, Ərtoğrul Sağlam bəzi mənfi fikirlərə baxmayaraq Şeydayevi həqiqətən də əldə etmək istəyirdi. Bu davamlılığın səbəbi aydındır. Yaxşı ki, onunla yarım mövsümlük deyil, bir yarımlıq müqavilə bağladılar. Klub Ramilin bu müddət üçün 700 min avro alacağını bildirib. Biz hesab edirik ki, bu, ağlabatan rəqəmdir. Başda Ərtoğrul Sağlam olmaqla bu keçiddə əməyi olan hər kəsi təbrik edirəm. Bu, edilən ən ağıllı transferdir. Mövsümün sonunda Şeydayevə başqa təkliflər olsa, təəccüblənməyəcəyik".
saytlarin hazirlanmasi