AFFA Premyer Liqanın formatını dəyişmək istəyir

15:17 - 13 Aprel 2024

AFFA-nın yeni rəhbərliyi futbol ictimaiyyətinin gözündə ilk mühüm xalı qazanmaq əzmindədir.

Sportal.az Sport24.az saytına istinadən xəbər verir ki, yeni tərkibli İcraiyyə Komitəsinin sayca 2-ci iclasında növbəti mövsümdən etibarən 12 komandanın iştirak edəcəyi təsdiqlənəcək.

Belə olan halda 4 dövrəlik sistem keçərli olmayacaq. Hər halda, mövsümə 44 turluq çempionat sığdırmaq olduqca müşkül məsələdir. Ancaq yeni mövsümün ilkin planı da hazırdı. Belə ki, çempionat 2 hissəyə bölünəcək: ilk mərhələdə 12 komanda 2 dövrə mübarizə apardıqdan sonra komandalar 2 qrupa bölünəcək və 6-lıq sistemi ilə daha 2 dövrə mübarizə gedəcək.

Ancaq bununla da iş yekunlaşmayacaq. Əgər kubok ilk "üçlük"də qərarlaşan komandalardan birinə nəsib olacaqsa, final mərhələsini 4-cü yerdə bitirən komanda "ikinci altılığ"ın qalibi ilə Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda həlledici matç keçirəcək. Əgər Kubokun qalibi Premyer Liqanın 4-6 və ya 8-12-ci, habelə aşağı liqalarda çıxış edən komandalardan biri olacaqsa, "ikinci altılığ"ın qalibinin rəqibi bürünc medalçı olacaq. Nəhayət, əgər kubokun qalibi "ikinci altılığ"ın qalibi olacaqsa, 4-cü pillənin sahibi "ikinci altılığ"ın 2-cisi ilə görüşəcək.

Daha bir yenilik Premyer Liqanı tərk edən və 1-ci Liqadan yüksələn komandalarla bağlı olacaq. Cari mövsümün yekunlarına görə, 1-ci Liqada ilk iki yeri tutmuş komanda Premyer Liqaya vəsiqə qazanacaq, 3-cü yeri tutan kollektiv isə Kaxaber Tsxadadzeni gətirməklə sonuncu pilləni təmin etmək üçün həlledici qərarı verən "Qəbələ" ilə pley-off matçlarında qüvvəsini sınayacaq.

Növbəti mövsümdən etibarən isə Premyer Liqanın sonuncusu elitanı tərk edəcək və yerini 1-ci Liqanın qalibinə verəcək. Premyer Liqanın 11-ci komandası isə 1-ci Liqanın gümüş medalçısı ilə pley-off oynayacaq. Bu da bir növ bu il "Qəbələ"ni Premyer Liqada saxlamağın bəraət donu olacaq. Aydın məsələdir ki, 1-ci Liqada forma geyinən oyunçulardan qurulmuş yığma komanda formalaşdırsan belə, Premyer Liqa təmsilçilərinin ən zəifindən də zəif olar. Sadəcə, "işləyirik" demək üçün əla göstəricidi.

Bütün qeyd olunanlar ilkin versiyada bəyənilən formatdı. Ancaq heç kəs təminat verə bilməz ki, son anda "sehrli əl" bütün kartları yenidən qarışdıra...

Xəbər xətti