Miodraq Bojoviç: "Bəziləri asan qələbə qazandığımızı deyə bilər"

21:19 - 13 Aprel 2024

"Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Biz düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 30-cu turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün müdafiədə Mark Tamaşa şans verdiniz və etibarlı görünürdü. Gələcək oyunlarda da ona şans verəcəksiz?

Mark Tamaş əsas heyətin oyunçusudur. Sadəcə "Səbail"lə oyunda zədələnmişdi. Bir neçə oyun buraxmışdı. Bərpa edildi və əsas heyət uğrunda rəqabət aparacaq. Çox sürətli şəkildə bərpa olundu. 

- Yeni mövsüm komandada qalsanız, ötən ilki kimi, Sankt-Peterburqdakı futbol turnirində iştirak etmək istəyərdiz?

Turnir haqda hələ heç nə deyə bilmərəm.

- Qarşılaşmanın 89-cu dəqiqəsində hesab 3:0 olarkən, etdiyiniz əvəzetmələr nə ilə bağlı idi? 

Heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Hansısa əvəzetmə müsbət və ya mənfi hal kimi də yaşana bilir. Belə alındı ki, əvəzetmələri son dəqiqələrdə etdik.

Mirbağırağa

Xəbər xətti