Qurban Qurbanovun qəribə seçimi - "Qarabağ" səviyyəsində olmayan qapıçı 

11:49 - 15 Aprel 2024

Çempionluğu rəsmiləşdirən "Qarabağ"ın mövsümün qalan hissəsində daha rahat, bəlkə də motivasiyasız oynayacağı aydın məsələdir. Belədə xal itkiləri də, məğlubiyyətlər də gözləniləndi. Ki, çoxdandı uduzmayan "Qarabağ" dünən "Sabah"a yenildi. Özü də qapısında 3 top görməklə... 

"Sabah" əzmkar oynadı, sürətli əks-hücumlara çıxaraq fürsətlərdən maksimum yararlandı. Layiqli qələbə qazandılar. "Sabah" bu mövsüm "Qarabağ"la kubok matçında 1:7 hesablı məğlubiyyət yaşasa da, həmin oyundan sonra bu rəqibə 4:3 hesabı ilə qalib gəlib, sonra da 3:3 oynayıb. Bu dəfə də "Sabah"ın 3:2 hesablı qələbəsi qeydə alınıb. Yəni, nəticələrdən də görmək olar ki, "Sabah" "Qarabağ" üçün tərs rəqibdir. Ağdam klubu cari mövsüm bu komandayla oyunlarda qapısında 12 qol görüb. 

Bir tərəfdən baxanda, "Qarabağ" çempionluğu rəsmiləşdirdiyi üçün meydana hətta əvəzedici heyətlə də çıxsa, heç kim heç nə deyə bilməz. Tapşırıq yerinə yetirilib, mövsümün qalan hissəsi "Qarabağ" üçün formal xarakter daşıyır. Lakin digər tərəfdən hal-hazırda Premyer Liqada birdən-birə 6 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Turnir cədvəlində sıxlıq yaranıb. Bu 6 komandanın hər biri şansını saxlayır və açıq deməsələr də, "Qarabağ"dan var gücü ilə oynamasını gözləyirlər. Məsələn, "Qarabağ" ötən gün uduzmasaydı, "Turan Tovuz" hesabat turunun yekun cədvəlində "Sabah"dan üst pillədə olacaqdı. 

Qurban Qurbanov "Sabah"a qarşı oyunda meydana ideal heyət buraxsa da, gözlənilmədən qapını gənc Amin Ramazanova tapşırdı. Açığı, qəribə seçim oldu. Axı, "Qarabağ" onsuz da "Sabah"la oyunlarda qapısında çox qol görür və Qurban Qurbanov bunu bilə-bilə çərçivəni Lunyov və ya Quqeşaşviliyə yox, təcrübəsiz Amin Ramazanova həvalə edir...

Çoxdandı "Qarabağ"ın əsas heyətində görünməyən Amin Ramazanov "Sabah"la oyunda çox inamsız təsir bağışladı. Buraxılan hər 3 qolda səhvləri olan gənc qapıçı "Qarabağ"ın məğlubiyyətində əsas pay sahibi oldu. Ümumiyyətlə sual yaranır ki, bu cür aşağı səviyyəli qapıçının "Qarabağ"da nə işi var axı... Mövzu 3-cü qapıçı olmaqdırsa, hətta 40 yaşlı Kamal Bayramov belə, Amin Ramazanovdan daha etibarlı olardı "Qarabağ"da. Amin ötən mövsüm də kobud səhvlərlə yadda qalırdı. Onun heç vaxt "Qarabağ"ın səviyyəsində qapıçı olmayacağını görmək üçün mütəxəssis olmaq lazım deyil. Fikirləşmək olar ki, hələ gəncdir. Onun kimi gənc olan Rza Cəfərov "Neftçi"nin yükünü daşıyır, Amin isə özü "Qarabağ"a yükdür.

"Qarabağ" üçün bir məğlubiyyət az, bir məğlubiyyət çox dəyişən ciddi heç nə yoxdur. Amin Ramazanovun inamsız oyunu "Sabah"la avrokubok mübarizəsi aparan komandalar üçün zərbə oldu. 

Həmid

Xəbər xətti