"Turan Tovuz"un forvardı, Premyer Liqanın 30-cu turunun "Qəbələ" ilə(1:2) səfər görüşündə komandasının qollarından birinin müəllifi olan Aleks Souza Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" ilə matçda qalib gələ bildiniz. Görüş sənin üçün necə yadda qaldı?
- Təbii ki, yaxşı yadda qaldı. Amma çox çətin oyun oldu. İstənilən halda, qələbə qazanmağı bacardıq. Qol vuraraq komandama kömək olduğum üçün çox sevinirəm. Komandamız uğurlu çıxışı davam etdirir. Sevindirici haldır. Kollektivdə də ab-hava əladır.
- "Turan Tovuz"la matçda məğlub durumda olsanız da, son dəqiqələrdə iki qol vurdunuz. İlk qola sən, ikinci qola Belajdi Pusi imza atdı. Həmin anı necə şərh edərdin?
- Özümə çox inanırdım və ağıllı davrandım. Oyunun gedişində öz-özümə deyirdim ki, qol vurmaq üçün sadəcə bir şansa ehtiyacım var. O da reallaşdı. Epizod oldu, top gəldi və ondan istifadə edə bildim. Məğlub durumda olanda sadəcə düşündük ki, hər şeyi edək və bu oyunda qələbə qazanaq. Oyunun sonundakı emosiyaları isə sadəcə görmək lazım idi.
- Komanda hazırda avrokuboklar uğrunda mübarizəyə qoşulub. Şanslarınızı necə dəyərləndirirsən?
- Biz hər oyun bitdikdən sonra növbəti matçı fikirləşirik. İstədiyimiz məqsədə də addım-addım çatmaq istəyirik. Qarşıdakı oyunların hər biri final ab-havasındadır. Konsentrasiyamızı itirə bilmərik. İnanıram ki, hər şey istədiyimiz kimi alınacaq.
- Qarşıdakı turda “Sumqayıt”a qarşı oynayacaqsız. Onlar da avrokuboklar uğrunda mübarizə aparır. Səncə, “Sumqayıt”ı evdə məğlub edə biləcəksiz?
- "Sumqayıt"a qarşı görüş çətin olacaq. Amma biz evdə oynayacağıq. Azarkeşlərimiz də bizə sona qədər dəstək verəcək. "Sumqayıt"la görüşdə qələbə qazanmağa çalışacağıq. Necə alınacağını hamımız görəcəyik.
- Necə düşünürsən, “Turan Tovuz” avrokuboklara indidən hazırdır, yoxsa komanda güclənməlidir?
- Keyfiyyətli futbolçularımız var. Təkmilləşdirilməli bir şey varsa, onu da yalnız baş məşqçimiz deyə bilər. Mənim nəsə deməyim doğru olmazdı. Mən sadəcə komandasına kömək etmək istəyən futbolçuyam. Sadəcə onu deyə bilərəm ki, yaxşı komandamız var.
Mirbağırağa
saytlarin hazirlanmasi