"Son nəticələrimiz pis alınmadı. Son turda da "Göztepe" ilə bərabərə qaldıq. Bir neçə qalibiyyət lazımdır ki, aşağı pillədən yuxarılara qalxa bilək. İnanıram ki, bunu da edə biləcəyik. Bir ara zədəm var idi. Amma zədəmi tam sağaltmışam. Məşqçilər korpusuna təşəkkür edirəm ki, mənə güvənirlər, etimad göstərirlər. Mən də meydana çıxdıqda, əlimdən gələni edirəm ki, güvənlərini boşa çıxarmayım, etibarlı oynayım. Təbii ki, əsas heyətdə oynamaq hər zaman xoşdur".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Tuzlaspor"un müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib. Azərbaycan millisinin üzvü komandasının Türkiyə birinci liqasının 15-ci pilləsində yer almasına münasibət bildirib:
"Liqada çox oyunumuz qalmayıb. Demək olar ki, hər biri finala bərabərdir. Həmin matçlara final ab-havasında çıxacağıq. Rəqiblərimiz güclüdür. Lakin belə vəziyyətdə mübarizə üçün artıq hər şeyi ortaya qoymalıyıq. Yəni, rəqibin güclü olması deyil vacib olan, əsas məsələ biz bütün gücümüzü meydanda qoyacağıq ki, birinci liqada qalaq".
Sonda isə o, Azərbaycan Premyer Liqası kənardan necə görünməsini bildirib: "Azərbaycan Premyer Liqasını izləyirəm. "Qarabağ"ın erkən çempionluğu gözlənilən idi. Digər pillələr uğrunda qızğın mübarizə gedir. Liqamız çox maraqlı gedir. Düşünürəm ki, son tura qədər elə bu cür də mübarizə gedəcək. Bütün komandalara uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi