"Aznur"un kapitanı: "Heç bir rəqibdən qorxmaq lazım deyil, məqsədimiz çempionluqdur" - MÜSAHİBƏ

17:18 - 17 Aprel 2024

Minifutbol üzrə ölkə çempionatında çempionluq uğrunda mübarizəni davam etdirən 4 komandadan biri "Aznur"dur. Bu klubun qolkiperi və kapitanı Nuri Fətiyev Sportal.az saytına müsahibə verib. Klubun yaradıcısı da olan Fətiyev məqsədlərindən söhbət açıb. 

- Yarımfinalın ilk matçında "Real Bakı" ilə 2:2 hesablı bərabərə qaldınız. Halbuki 1/4 finalda "Zirə"ni mübarizədən kənarlaşdırdınız və sizdən gözləntilər böyük idi. Qələbə qazanmağınıza mane olan nə idi?

- Düzü, komandamızda bir az rahatçılıq var idi. Bundan əvvəlki mərhələdə "Zirə"ni iki oyunun nəticəsinə görə 6:0 məğlub etmişdik. "Zirə" liqanın ən güclü iki komandasından biridir. Müntəzəm liqadakı 15 oyunda maksimum nəticə göstərmişdilər. Bu cür komandanı məğlub etmək kənarlaşdırmaq bizim üçün çox xoş idi. Ancaq "Real Bakı" ilə görüşdə komandamızda boşluqlar olduğu görünürdü. Amma mübarizə hələ bitməyib. İrəlidə cavab görüşü var. Biz öz sözümüzü deyəcəyik, finala çıxacağımıza inanıram. Hədəfimiz finala çıxmaq yox, çempion olmaqdır. Ümumiyyətlə, turnirin ilk çempionu bizim komanda olub. 2018-ci ildə çempionluq qazanmışdıq.

- Amma "Aznur" adı ilə deyil, "Peçat Dönər" adı ilə...

- Doğrudur. O vaxtı komandamızın adı "Peçat Dönər” idi. Lakin sonradan "Aznur" adlandırdıq. Hər halda, baş məşqçimiz də eyni adamdır, rəhbərliyimiz də. 

- Ümumiyyətlə, komandanın adının dəyişdirilməsi nə ilə bağlı oldu?

- Bilirsiz, "Peçar Dönər" adı bir qədər peşəkar görünmürdü. Çünki indi daha ciddi çempionatda mübarizə aparırıq. Ad dəyişikliyinin səbəbi yalnız budur. 

- "Aznur" çempion olacaq potensialdadır?

- Bəli, potensialımız var. Probleimimiz odur ki, komanda bir az qeyri-stabildir. Məsələn, güclü komandaya qalib gəlirik, amma özümüzdən zəifə 0:5 uduzuruq. Elə buna görə də, pley-off mərhələsinə vəsiqəni son turda qazandıq. Lakin komandamızın gücü var, heç bir rəqibdən qorxmaq lazım deyil. 

- Maraqlıdır, müntəzəm mövsümdə 15 turun hamısında qalib gələn "Zirə"ni 1/4 finalda necə mübarizədən kənarlaşdırdınız?

- Bu uğurda baş məşqçimiz Rəcəb Fərəczadənin böyük əziyyəti var. O, bizi sanki komputer kimi idarə edirdi. Komandamızın üzvü olan İlkin Hacıyevin də adını çəkmək mümkündür. Onun da meydanda rolu çöx böyük oldu. 

- Yarımfinalın digər cütündə isə "Birbaşa Bakı" "Odlar Yurdu"nu 2:0 məğlub etdi. Səncə, "Aznur" əsas favoriti də üstələyə bilər?

Bəli, bunu bacararıq. Əsas odur ki, finala yüksələk. Sonra isə final görüşü barədə düşünəcəyik. Hər halda, həlledici matç bir oyundur. 50 dəqiqəyə hər şey baş verə bilər. Amma biz indi yarımfinalın cavab matçı barədə fikirləşirik.

- Hər halda, hədəflərinizdən biri Çempionlar Liqasına vəsiqə qazanmaqdır?

- 2018-ci ildə biz çempion olmuşduq. Həmin vaxtı da Çempionlar Liqasında oynadıq. Lakin hazırda bu turnirin səviyyəsi tam fərqlidir. Biz indi də Çempionlar Liqasında oynamağı çox istəyirik.

- Çempionlar Liqasına vəsiqə qazansanız heyəti gücləndirəcəksiz, yoxsa turnirə elə hazırkı heyətlə yollanacaqsız?

- Açığı, elə hazırkı kollektivlə yollanmağı planlaşdırırıq. Lakin ümumi götürdükdə növbəti mövsüm üçün heyətimizi gücləndirməyi düşünürük. Hətta "Zirə"dən də transfer etmək planımızda var. 

- "Aznur"un qapıçısı, kapitanı, həm də rəhbərisiniz. Meydanda olmaq öz istəyinizdən irəli gəlir?

- Bəli, elə ən ləzzət edən tərəfi də budur (gülür). Komandamızda peşəkar futbolçular oynayır. Hansı ki, onlar böyük futbolda, I, II Liqada çıxış edirlər. Amma mən həftədə cəmi 1 dəfə oynayıram. Məsələn, mənə o ləzzət elədi ki, "Zirə" kimi komandaya qarşı oynadım.

- İki oyunda da qapınızın toxunulmazlığınızı qoruya bildiniz...

- Elədir. Bu, çox xoşdur. 

- Onda belə çıxır ki, siz oynamasanız komanda da olmayacaq?

- Futbol oynamaq mənim hobbimdir. Kənardan baxmaq çox çətin gəlir. 

- Artıq çəkinizə baxmayaraq, qapıda inamlı təsir bağışlayırsınız. Bunu necə bacarırsınız?

Mən 4 yaşımda futbolla məşğul olmağa başladım. Daha sonra zədələndim və bir ara futboldan kənarda qaldım. Elə ona görə də kökəldim. Lakin 15 yaşıma qədər peşəkar futbol oynamışam. İndi də həvəsim heç "ölməyib".

- "Aznur" şirkətinin rəhbərisiniz. Maraqlıdır, komandanızın bu mövsümdəki inamlı çıxışı ətrafınızda olan iş adamlarının da minifutbola maraq göstərmələrinə səbəb ola bilər?

- Ola bilər. Bu mövsüm çempionatda iştirak edən komandalardan beşi elə dostlarım komandalarıdır. 

- Maraqlıdır, böyük futbolda komanda yaratmaq istəyirsiz?

- Xeyr. Amma özüm də oynaya bilsəydim, bəlkə olardı (gülür).

Mirbağırağa

Xəbər xətti