Renduliç də danışır, AFFA susur - yeni rəhbərliyin də Tovuz üçün pulu yoxdur

10:25 - 22 Aprel 2024

Tovuzda keçirilən "Kəpəz" - "Sabah" (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç vacib məsələyə toxunub. O, deyib ki, Xorvatiyada yüksək liqanın oyunları süni örtüklü meydançalarda keçirilmir. Əslində, nümunə götürəsi olsaq, heç uzağa getmək lazım deyil. Qonşu Gürcüstanda da xeyli vaxtdır ki, əsas liqanın komandaları təbii ot örtüklü meydançalarda oynayırlar. 

Bu məsələ Renduliçə qədər də qabardılıb. Ölkəmizin ən nüfuzlu futbol adamı Qurban Qurbanov da dəfələrlə deyib ki, belə meydançalarda oynamaq zədələr bahasına başa gəlir. Lakin AFFA nə Qurban Qurbanovu eşidib, nə də başqalarını. Cavab da bu olub ki, AFFA-nın Tovuzdakı örtüyü dəyişmək üçün pulu yoxdur. Hərçənd, illik maliyyə hesabatı açıqlananda AFFA-nın yetəri qədər pulu olduğu üzə çıxdı. Yəqin demək istəyiblər ki, "Turan Tovuz"a verməyə pulları yoxdur. Yoxsa əcnəbilərə, Berlindəki futbol məktəbinə və s. layihələr üçün pul olub, var və həmişə olacaq da! 

Bütün olub-keçənləri federasiyanın sabiq idarəçisi Elxan Məmmədovun ayağına yazan yeni rəhbərlik hələ də tərpənmək istəmir. "Daşdan səs çıxır", Rövşən Nəcəfdən yox. Əvvəlki rəhbərlik arsızlığına salıb deyirdi ki, Tovuz stadionundakı örtüyü dəyişməyə pulumuz yoxdur. İndiki rəhbərlik isə ümumiyyətlə bu barədə danışmaq istəmir. Sanki Azərbaycan futbolunda belə bir problem mövcud deyil. 

Biz deyəndə qulaqardına vurursuz, azərbaycanlıların sözünü ucuz tutursuz. Bu dəfə sevdalısı olduğunuz əcnəbi danışıb. Heç olmasa, onun sözünə qulaq verin. "Turan Tovuz" son illərin yeganə klubudur ki, hansısa iş adamı ona sahib çıxıb. Bu klubun arxasında nə hansısa məmur var, nə də oliqarx. Sadəcə vətənpərvər bir iş adamı öz rayonu naminə bu ağır işin altına girib. Düşünmək olardı ki, AFFA da ona hər cür dəstək olub, kömək edəcək. Lakin tam əksini gördük. Ən pisi odur ki, yeni gələnlər də təfəkkür olaraq əvvəlkilər kimidilər. AFFA-da rəhbərlik dəyişib, xislət elə həminkidir... 

Həmid

Xəbər xətti