"Neftçi"nin sabiq futbolçusu Denis Silva Kruz Sportal.az saytına müsahibə verib. O, "ağ-qaralar"ın hazırkı durumunu şərh edib.
- "Neftçi" Premyer Liqanın 31-ci turunda "Zirə"yə də uduzdu və hazırda 47 xalla 4-cü pillədədir. Onların durumunu necə şərh edərdin?
- "Neftçi" üçün mürəkkəb vəziyyətdir. Oyundan öncə bir xallıq fərq var idi, indi isə "Neftçi" dördüncü pillədədir. Matçdan öncə də düşünürdüm ki, "Neftçi" ehtiyatlı olmasa, ikinci pillədəki yerlərini itirə bilər. Ən azından "Neftçi" öz tarixinə və böyüklüyünə görə ikinci yerdə qalmalıdır. Azarkeşlər buna layiqdirlər.
- "Qarabağ" mövsümün sonuna 8 tur qalmış artıq çempionluğunu rəsmiləşdirdi. Səncə, nəyə görə "Neftçi" "Qarabağ"la rəqabət apara bilmir?
- Düzü, mənim üçün çox üzücü vəziyyətdir. Bilirsiz nəyə üzülürəm? Azərbaycan çempionatında "Qarabağ"la mübarizə aparacaq komanda yoxdur. Halbuki liqa daha həyəcanlı və daha maraqlı olardı. Təkcə "Qarabağ"ın çempion olması Azərbaycan Premyer Liqasının cəlbediciliyini itirir.
- Ölkə kubokunun yarımfinal mərhələsində "Qarabağ" ilk görüşdə "Neftçi"yə 4:0 qalib gəlib. Yəqin ki, cavab matçında "Neftçi"nin 5:0 hesabı ilə qalib gəlib finala çıxacağı sənə də inandırıcı gəlmir?
- Düşünmürəm. Düzdür, futbolda qeyri-mümkün heç nə yoxdur. Amma çox çətin görünür. Çünki “Qarabağ”ın çox yaxşı və təcrübəli komandası var.
- Uzun müddətdir ki, "Neftçi" "Qarabağ"ı məğlub edə bilmir. "Neftçi" xarici baş məşqçilərin rəhbərliyi altında nəticə verə bilmir. Bəlkə komandaya yerli mütəxəssis lazımdır?
- Bunu demək çətindir. Çünki mən gündəlik olaraq komanda və idarə heyəti ilə ünsiyyət qurmuram. Problem həmişə məşqçi və ya oyunçularla bağlı da olmur. Bəzən problem idarəetmədə, seçimlərdə olur. Futbol sadəcə bəzi oyunçuları transfer edib, meydançaya buraxıb onların nəticə verəcəyini gözləməkdən ibarət deyil. Çoxlu hazırlıq görməlisən, hər mövqeyə uyğun və komandanın oynadığı üsluba uyğun oyunçuları götürməlisən. Bu mənada, problem çox şeydən qaynaqlana bilər.
- "Neftçi"nin braziliyalı oyunçuları haqda nə düşünürsən? Andre Şinyaşiki vaxtı ilə transfer dəyəri 3 milyon dollar olsa da, "Neftçi"də gözləniləni vermir. Səncə, sabiq komandanın braziliyalı oyunçulara ehtiyacı var?
- Bir oyunçunu mühakimə etməyi sevmirəm. Təəssüf ki, Andre Şinşyaşiki daha yaxından tanımıram. Amma onun əla oyunçu olduğuna inanıram. Hər halda, yaxşı futbolçu olduğu üçün onunla müqavilə imzalayıblar. Bəlkə də hazırda yaxşı vaxtında deyil, bəlkə daha çox braziliyalıya ehtiyacı var. Amma bir futbolçunun komandaya xeyir verməsi üçün braziliyalı olmasına ehtiyac da yoxdur. Dünyanın istənilən ölkəsindən ola bilər, əsas odur komandaya köməyi dəysin. "Keşlə"də(indiki “Şamaxı”) olanda bir braziliyalı var idi, o da mən idim. Azərbaycan kubokunu qazandığımız vaxtı komandaya başqa ölkələrdən də futbolçular cəlb edilmişdi. Hər zaman inanıram ki, komandaya idmançının milliyyəti deyil, onun istedadı və istəyi kömək edəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi