"Turan Tovuz"un qolkiperi Aydın Bayramov Sportal.az saytına açıqlama verib. O, komandasının Premyer Liqanın 31-ci turunda "Sumqayıt"a 1:4 hesabı ilə məğlubiyyətini şərh edib.
Bayramov həm buraxdığı qollar haqda danışıb, həm də uğursuz nəticənin səbəblərindən söz açıb:
"Ağır oyun idi. Biz oyuna çox pis başladıq. Əslində, sonradan da hər şeyi düzəldə bilərdik. Sadəcə qol epizodlardan istifadə edə bilmədik. Oyuna pis başlamağımız nəticəyə təsir etdi. Deməzdim ki, üzərimizdə hansısa təzyiq var idi. Oyunun məsuliyyətini dərk edirdik. Meydana da qələbə üçün çıxmışdıq. Futboldur da, alınmadı.
Buraxdığımız qollara gəldikdə, avtoqol elə idi ki, futbolda belə hallar olur. O epizodda kiminsə səhvi yox idi. Topdur da, uğursuz uzaqlaşdırmaq istəyəndə, elə mövqeyəye getdi ki, nəsə etmək mümkünsüz idi. Dünya futbolunda da, öz çempionatımızda da bu cür epizodlar yaşanıb. Səbuhi Abdullazadə isə çox yaxşı yerə zərbə vurdu, reaksiya vermək istədim. Alınmadı".
Tovuz klubunun qolkiperinin fikrincə, bu görüşdə baş hakim Əliyar Ağayev oyunu yaxşı idarə edib: "Hakimlərlə bağlı sual işarəsi yoxdur. Məncə, bütün qərarlar yerində idi. Ona görə də hakimliklə bağlı nəsə problem yox idi".
Premyer Liqanın 32-ci turunda "Turan Tovuz" "Neftçi"nin qonağı olacaq. Aydın həmin matçda uğurlu nəticə üçün oynayacaqlarını söyləyib: "Sumqayıt"a məğlubiyyət bizim üçün zərbə deyil. Çünki hər şey bitməyib. Qarşıda hələ 5 tur var. İstənilən nəticə ola bilər. Biz hər oyuna qələbə üçün çıxırıq".
saytlarin hazirlanmasi