Futbol ictimaiyyətinin böyük əksəriyyəti "Qarabağ"ın yenə avrokuboklarda uğurlu çıxış edəcəyini, digər klublarımızın isə ilkin mərhələlərdə mübarizəni dayandıracağını ehtimal edir.
Futbol eksperti Aslan Kərimovdan təmsilçilərimizin avrokuboklarda şansları haqda fikirlərini öyrəndik. Sportal.az saytına danışan Aslan bəy "Zirə", "Sabah" və "Sumqayıt"ın şanslarını dəyərləndirib:
"Klublarımız heyətlərini gücləndirməsə, çətin olacaq. Püşkdən çox şey asılı olur. Adətən püşk bizim klublara daha çətin rəqibləri salır. "Qarabağ"ın reytinqi yüksək olduğuna görə ilkin mərhələlərdə özlərindən zəif komandalarla qarşılaşır. Əminəm ki, klublarımız ilk mərhələdə "Qarabağ"ın qarşılaşdığı rəqiblərlə görüşsə, növbəti raunda keçə bilərlər. Təmsilçilərimiz həmin rəqibləri geridə qoymaq bacarığındadır. Reytinqin yaxşı olması üçün gərək "Qarabağ" kimi daim avrokuboklarda oynayasan. Hər dəfə ilk mərhələdə mübarizəni dayandıranda reytinq toplamaq olmur. Ona görə də ümidimiz püşkə qalır.
İkinci faktor odur ki, "Qarabağ"ın heyətində olan futbolçular daha təcrübəlidir. Bir komanda digər komandanın uğurlarını görəndə ona qarşı daha ehtiyatlı oynayır. Digər komanda isə daha rahat olur. Daxili çempionatda da bəzi rəqiblər "Qarabağ"ın adına görə oyuna 0:1 məğlub başlayırlar. Bunun özü böyük təsirdir. "Qarabağ" avrokubokların qrupunda oynayanda qarşılaşdıqları rəqiblər istər-istəməz onlardan çəkinir. Amma məsələn Albaniya, Şimali Makedoniya klubları "Zirə"ni, "Sumqayıt"ı normal rəqib kimi qəbul edirlər. Bilirlər ki, bu komandaların böyük təcrübəsi yoxdur. Bütün bunlar ikili mübarizələrdə qalib gəlmək üçün önəmli faktorlardır".
Elçin Əlixan
saytlarin hazirlanmasi