Azərbaycan milli komandasının sabiq futbolçusu Elhad Naziri “Cəbrayıl”ın baş məşqçisi kimi fəaliyyət göstərəcək. Bölgə təmsilçisi İkinci Liqada çıxış edəndə komandada köməkçi məşqçi kimi işləyən Naziri 2024/2025 sezonundan əsas məşqçi kimi çalışacaq. Sportal.az saytına müsahibə verən gənc mütəxəssis komandanın hədəflərindən söz açıb:
- "Cəbrayıl"a baş məşqçi təyin edildin. Cavid Hüseynov gedəndə artıq baş məşqçi olacağın yəqin ki, bəlli idi?
- Cavid müəllimə təklif gəlmişdi. Gedib-getməməklə bağlı seçim qarşısında idi. Təcrübə baxımından bu təklifi qəbul etdi. Komandamızın direktoru Şahin müəllimlə Cavid Hüseynov da mənim baş məşqçi kimi qalmağımı istədi. Mən də bu təklifi qəbul etdim. Çünki bu klub mənə doğmadır. Artıq üç il olacaq ki, bu kulubun məşqçisiyəm.
- İlk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcəksən. Özünü yəqin ki, hazır hesab edirsən deyə qəbul etdin?
- Bəli, ilk dəfədir ki, baş məşqçi kimi çalışacam. İşimin nə qədər məsuliyyəti olduğunu bilirəm. Hazır olub-olmamağımı yəqin ki, ən yaxşısını mənə inanıb bu təklifi eden şəxslər bilirdi. Birinci Liqada yenidən komanda quraraq çempionata qoşulmaq mənim üçün böyük təcrübə olacaq.
- Cavid Hüseynovun "Turan Tovuz"a gedişi sənin üçün gözlənilməz olmadıki? Maraqlıdır, sənin də Tovuz klubuna getmmək variantın var idi?
- Açığını deyim, Cavidin ayrılığına görə pis oldum. Çünki illərdir ki, bir yerdə işləyirik. Bir-birimizi çox yaxşı anlayırdıq. Ancaq məsələ böyümək və daha yaxşı təcrübə qazanmaqdırsa, bu şansı əldən vermək olmazdı. Xeyr, mənim ora getmək şansım yox idi. Çünki təklif Cavid müəllimə gəlmişdi. Ona görə də mən "Cəbrayıl"da baş məşqçi olaraq dəvət etdim.
- "Cəbrayıl"ın Birinci Liqada əsas məqsədi nədən ibarət olacaq? Rəhbərlik qarşısınıza hansı hədəfi qoyub?
- Rəhbərliklə danışığım olub. Klubun strategiyası gənc futbolçulardan ibarət yaxşı komanda formalaşdırmaqdı. İlkin mərhələdə işimizə çempionatda qalmaq üçün start verəcəyik. Amma bu o demək deyil ki, biz yerimizdə sayıb, üst pillələrə qalxmaq niyyətində olmayacağıq. Ümid edirəm ki, gənclərdən ibarət yaxşı "Cəbrayıl" klubunu görəcəksiz.
- Bu komandanın yaxın neçə il ərzində adını daşıdığı Cəbrayıl şəhərində keçirmək ehtimalı var? Rəhbərliklə bu haqda danışmısız və ya planda var?
- Bu torpaqların geri qaytarılmasında əməyi olan hər kəsin qarşısında baş əyirəm. Bizə gözəl hissi yaşatdılar. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə isə cansağlığı arzulayıram. Allah qoysa, oyunlarımızı Cəbrayılda keçirmək bizə də qismət olar. Hələ ki, planda belə söhbət olmayıb. Gələcəkdə bəlkə də oldu.
- İkinci Liqa ilə Birinci Liqa arasında böyük fərq var. Yəqin ki, heyətdə dəyişiklik edəcəksiz? Daha güclü oyunçular gətirəcəksiz?
- Əlbəttə ki, İkinci və Birinci Liqa arasında fərq var. Elə adından bəllidir, İkinci Liqa yarım-peşəkardır. Birinci Liqa isə tam peşəkar liqadır. Bu liqanın çətinliyini və hansı səviyyədə olmasının fərqindəyəm. Komandalar daha yaxşı heyət qurmağa çalışır, daha istəklidirlər ki, yuxarı pillələr üçün oynasınlar. Keçənilki heyətdən 10-12 futbolçunu saxlayacam. Saxlamaqda da məqsəd və niyyətim odur ki, onlar pis-yaxşı günümüzdə bizə sevinc bəxş etdilər, əziyyət çəkdilər, Birinci Liqadaya vəsiqə qazandıq. Onların haqqıdır. Birinci Liqada oynayanlar bizim heyətdəki futbolçulardan qat-qat üstün deyil ki, onlarla yollarımızı ayıraq. Eyni səviyyədə olan oyunçulardır. Xarakter, insan, futbolçu baxımından onlara güvənirəm. Onlarla ötən il yola çıxdıq və həm öz üzlərini, həm də bizim üzümü ağ etdilər. Yeni oyunçular da gələcək. Danışıqlar gedir. Klubun strategiyası bəllidir, gənclərdən ibarət komanda formalaşdıracağıq. Köhnə və yeni oyunçuların sintezini edib, yaxşı "Cəbrayıl" komandası formalaşdırmaq istəyirik. Nə dərəcədə alınacaq, effektini necə göstərəcək, onu da zamanla görəcəyik. Uzun yola çıxırıq. Allah qoysa, əziyyətimiz yerdə qalmaz.
saytlarin hazirlanmasi