"Qəbələ"nin avrokuboklarda oynayıb Premyer Liqadan düşməsi bütün klublara siqnaldır" - MÜSAHİBƏ

14:18 - 17 İyul 2024

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.

- "Şamaxı" ilk yoxlama oyununu "Kəpəz"ə qarşı keçirdi. Həmin oyunda da 2:1 qalib gəldiniz. Matç sizin üçün necə alındı? Hər şey istədiyiniz kimi idi?

Birinci oyunumuz idi, çətinliklər görünürdü. "Kəpəz" də tam hazır deyil, biz də. İki eyni gücdə olan komanda qarşılaşırdı. Onlarda da heyətlə bağlı yeniliklər olacaq, bizdə də. Amma futbolçularımın oyuna yanaşması, ilk oyundan istəkli olması məni çox sevindirdi. Çempionat boyu bu istəyi saxlamalıyıq. Tapşırıqlar olmuşdu. Çalışdılar ki, nələrsə etməyə. Amma tam hazır deyilik. Bu, bizi tam da qane etmir. Çünki çempionat çox gərgin keçəcək. Lakin birinci oyun üçün nəticədən asılı olmayaraq, uşaqlar əllərindən gələni etdilər.  

- Maraqlıdır ki, komanda ilk yoxlama oyununu yalnız iki gün əvvəl keçirdi. Sizcə, yoxlama matçı keçirmək üçün gec deyildi?

Xeyr, gec deyil. Hərənin öz baxışı var. Bir-iki gün tez oynamaq olardı. Amma rəqib tapmaqda çətinlik çəkirik. Bu oyunu iyulun 12-13-nə planlaşdırırdıq. "Kəpəz"in istəyi ilə bir az arxaya çəkdik. O qədər də gec deyil. Qarşıda üç oyunumuz olmalıdır. İyulun 20-də Şamaxıda oynayacağıq. 26-də isə Qəbələdə Küveyt klubu ilə qarşılaşacağıq. İyulun 23-də isə oyun oynamaq üçün rəqib tapmaqda çətinlik çəkirik. Ölkədə qalırıqsa, belə çətinliklər olacaq. Amma bu da bizə psixoloji təsir etməməlidir. Planlı şəkildə gedirik. Komanda tam formalaşmayıb. Bu gün harasa getməyə də çətinlik çəkirik. Çünki yeni futbolçular gəlir, tibbi baxışdan keçirlər. Bunun üçün bizə ölkədə qalıb, komanda formalaşdırmaq ən birincisidir. Qalan məsələlər oyundan-oyuna düzələcək.

- Ölkə xaricinə yollanmamaq, hazırlığı ölkə daxilində keçirmək sizin üçün mənfi hal deyil?

Qışda ölkə xaricinə yollanmağı planlaşdırırıq. Komanda hazır olanda, komplektləşəndə hazırlıq üçün xaricə getmək mütləq lazımdır. Təlim-məşqlər önəmlidir. Xarici ölkəyə gedirsən, xarici klublarla oynayırsan. Futbolçular tam başqa konsentrasiyada olur. Amma hazırda bizim üçün önəmli olan komanda qurmaqdır. Xaricə gedək, oyunçuları yığa bilməyim...Mənim üçün səhv addım olardı. Bu gün burada qalıb, komandanı formalaşdırmaq yolunu seçmişik. Bu da yolunda gedir. 

- "Şamaxı"ya dəvət edilmiş legionerlər barədə fikriniz necədir? Sizcə, çempionatda özlərini yaxşı tərəfdən göstərəcəklər?

Belajdini tanıyıram. İnanıram ki, 2024/2025 mövsümündə "Şamaxı"da daha yaxşı çıxış edəcək. "Turan Tovuz"da yaxşı mövsüm keçirmişdi. Giorgi Kantariya "Kəpəz"də yaxşı mövsüm keçirib, təcrübəlidir. Belə oyunçuların komandamıza gəlməsi önəmli idi. Digər iki transferimiz də yeni qoşulub komandaya. Brahim Konateni çoxdandır ki, izləyirəm. Onu "Turan Tovuz"a dəvət etmişdik, o vaxtı İsrail klubunu seçmişdi. Sadəcə oradakı müharibədən sonra altı ay klubsuz qalmışdı. Brahimə bir az vaxt lazımdır. Yeni oyunçular da olacaq. Düzdür,böyük seçimlər yoxdur, böyük məbləğlərlə transferlər edə bilmirik. Amma büdcəmizə uyğun, komandamıza xeyir verəcək, sistemimizə uyğun oyunçular tapmağa çalışırıq.  

- "Şamaxı"nın Premyer Liqadakı gücü nəyə çatacaq?

- Bizim çempionatımız çox çətindir. Düzdür, hərdən belə mübahisələr olur ki, "bəs niyə avrokuboklarda yalnız "Qarabağ" uğurlu olur, digərləri yox?" Görünən odur ki, bizim çempionatda oynamaq çətindir. Bir çox ölkələr var, görürsən ki, futbolçular orada çətinlik çəkir. Bizim də liqamız elədir. Komandaları çempionatdan əvvəl təhlil etsək, hər kəsin avrokuboklara çıxacaq, Premyer Liqada qalmaq üçün mübarizə aparacaq namizədləri var. Amma ötən mövsüm də gördük. "Qəbələ"nin avrokuboklarda oynayıb Premyer Liqadan düşməsi bütün klublara siqnaldır. Bilmək olmaz, necə alınacaq. Bilirik ki, bizi çətin mövsüm gözləyir. Səbirli olmalıyıq, yeni komanda qururuq, bilirik ki, yerli futbolçu qıtlığı var. Gənc futbolçular götürmüşük, çəkinmədən mübarizə aparacağıq. Bunları fikirləşib komandanı psixoloji duruma salmaq istəmərəm. Hər oyunda sona qədər oynayacağıq. Sabah bilsək ki, mübarizə apardıq, gücümüz çatmadı, bunu etiraf edəcəyik. Amma bilək ki, komandamız tam olaraq hər şeyini meydanda qoydu, sadəcə rəqiblər bizdən güclü oldu. İnanıram ki, "Şamaxı" bu mövsüm öz sözünü deyəcək. İlk hədəfimiz komanda qurmaq, mübarizə aparmaq, Premyer Liqada möhkəmlənməkdir. Hədəflər belə artır da. Birdən-birə hədəf olmur ki. Mənə heç kim deyə bilməz ki, komanda birinci ildə yığıldı və dərhal çempion oldu. Nadir hallarda baş verir. Həmin klublar da uğursuz olur. Oynadıqca hədəflər yüksəlməlidir. Tək nəticələrlə hədəf qalxmamalıdır, klubun özünün hədəfi yüksəlməlidir, klub özü buna hazır olmalıdır. Klublar özünə sual verməlidir ki, Konfrans Liqasını istəyirəm, amma ora hazıram? Mənim təlim-məşq bazam, stadionum var? Təəssüflər olsun ki, hazır olmadan böyük hədəflər istəyirik. Ən böyük problemimiz də budur. 

- Artıq yeni sezonun püşkü atıldı və ilk turda evdə "Sabah"ı qəbul edəcəksiz. Sezona evdə başlamaq yaxşıdır?

Təqvimdir də, hər komandaya qarşı oynamalıyıq. Xeyirlisi olsun. "Sabah" lider komandalarımızdandır. Onlara da baxıram. Oynayacağıq da. "Sabah" da həmişə hörmət etdiyim komandadır. Ötən mövsüm yeni baş məşqçinin gəlişindən sonra çox yaxşı oyunlar keçirdilər. Yeni oyunçuları da gəlib. Bizim üçün yaxşı imtahandır. 

Mirbağırağa

Xəbər xətti